“Dördlər finalı” Bakıda!
11.11.2013 - 10:20
“Dördlər finalı” Bakıda!
Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” böyük ehtimalla Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) bu haqda qərar verməyə hazırlaşır.

Qurum yarışa ev sahibliyi etmək istəyən klubların müraciətlərini nəzərdən keçirərək “Rabitə”nin “Dördlər finalı”nın təşkilatçısı olmasını məqsədəuyğun olduğu qənaətinə gəlib.

Lakin bu qərar yalnız gələn ay rəsmiləşəcək. Belə ki, qrup mərhələsi başa çatdıqdan sonra pley-off mərhələsinin püşkatmasını keçirəcək CEV qərarını həmin vaxt rəsmən açıqlayacaq. Bu tədbir isə dekabrın 19-da baş tutacaq.

2012-ci ildə də Azərbaycan paytaxtında təşkil olunan “Dördlər finalı”nın “Bakı Kristal Hall”da baş tutacağı gözlənilir. Buna səbəb 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının voleybol yarışlarının məhz burada baş tutmasıdır.

Qeyd edək ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Dördlər finalı” yerli komanda olmadan baş tutmuşdu. Həmin vaxt Türkiyənin “Fənərbaxça” klubu ölkəmizi kubokla tərk etməyi bacarmışdı.