"Turan Tovuz"un kapitanı: "Öz məsələmizi özümüz həll etməliydik”
02.06.2025 - 17:57
"Turan Tovuz"un kapitanı: "Öz məsələmizi özümüz həll etməliydik”

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.

- Yəqin ki, “Qarabağ" - "Sabah" oyununu izlədin? Matçdan gözləntilərin nə idi və ehtimal edirdin ki, "Sabah" kuboku qazana bilər, yoxsa "Qarabağ"a çox inanırdız?
- "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Allah qoysa, avrokuboklarda ölkəmizi layiqincə təmsil edərlər. Əlbəttə ki, finalda "Qarabağ"ın qalib gəlməsini istəyərdik. Son dəqiqə qolu ilə uduzdular. "Sabah"ı təbrik edirəm. 

- “Qarabağ” tərəfi hakimlikdən çox narazılıq etdi. Səncə, hakim oyunun nəticəsinə birbaşa təsir etdi?
- "Qarabağ" uduzdu, amma istəyərdik ki, udsunlar. Təkcə bunu fikirləşmək olmaz. Ən böyük günah özümüzdə idi ki, 3-cü yer uğrunda mübarizə aparıb, gərək özümüz avrokuboklara vəsiqəni rəsmiləşdirərdik. Bunun üçün də çox şansımız oldu. Dəyərləndirə bilmədik. Təkcə "Qarabağ"ın oyununa ümid bağlamaq olmazdı. Hər şey öz əlimizdəydi. Sadəcə 2 oyun qalib gəlsəydik, bəlkə də hər şey başqa cür olardı. "Sabah"a uğurlar arzu edirəm. Düzdür, "Qarabağ" narazılıq etdi. Hakim bir saniyə içində qərarlar verdi, sonra VAR-ın müdaxiləsi oldu. Mənə də maraqlı olan bəzi epizodlar var idi. Sadəcə hakimin qərarıdır, artıq oyun bitib. Öz adıma deyim ki, bu haqda danışmağı düşünmürəm. "Qarabağ" rəhbərliyi, camiəsi də öz iradlarını bildirdi. Hakimin qərarlarıdır. Bu haqda nəsə demək mənə düşməz. Sadəcə bəzi məqamlar var, inanıram ki, həmin məqamlar aydınlaşar. Hakimlər Komitəsinin rəhbəri aydınlıq gətirər.

- "Qarabağ"ın kuboku qazana bilməməsinə görə, "Turan Tovuz" da avrokuboklara yollana bilmədi. Yəqin ki,  sizin üçün çox üzücü durumdur? Hər halda, bu da onu göstərdi ki, gərək komanda avrokuboklara vəsiqəni özü təmin edərdi, başqa klubun uğurunu gözləməzdi?
- Qismət belə imiş. "Qarabağ" qalib gəlsəydi, Konfrans Liqasına gedirdik, bu haqda düşünmürdük. Konfrans Liqasına getsəydik, daha gözəl olardı. Artıq 3-cü ildir ki, Premyer Liqada mübarizə aparırıq. İldən-ilə daha da yaxşı yerlərə çıxa bilmişik.Üç ildə çəkdiyimiz əziyyətin bəhrəsini bu mövsüm görə bilərdik. Konfrans Liqasına vəsiqə qazana bilərdik. Ancaq olmadı. Bu da bizi həvəsdən salmır. Daha da artıq çalışmalıyıq, daha da çox üstünə qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq.

- "Turan Tovuz" mövsümü 4-cü pillədə başa vurdu, amma avrokuboklara vəsiqə qazana bilmədi. Yəqin ki, indi mövsümü "Turan Tovuz" üçün dəyərləndirmək olar? Səncə, avrokuboklara vəsiqə qazana bilmədiyinizə görə, mövsümü uğursuz hesab etmək olar?
- Uğursuz mövsüm olduğunu düşünmürəm. Üç ildir ki, Premyer Liqadayıq. 4-cü yer uğursuz nəticə deyil. "Qarabağ" qalib gəlsəydi, biz Konfrans Liqasına yollanacaqdıq və hamı bu haqda danışacaqdı. Üstünə bir az da qoysaydıq, bəlkə 3-cü pilləni tutardıq. Qismət. Qarşıdakı illərdə yaxşı nəticələr qazanmağa çalışacağıq. Üçüncü pilləyə yaxın idik. Sadəcə xal itkiləri bizi bu yerdən uzaqlaşdırdı. Günahı özümüzdə axtarmalıyıq. İstədik ki, "Qarabağ" qalib gəlsin və avrokuboklara gedək. Amma öz məsələmizi özümüz həll etməliydik. Hansısa klubun qalib gəlməsini gözləməməliydik. Əslində, 3-cü yer uğrunda sona qədər mübarizə apardıq. Amma alınmadı. Qarşıdakı illərdə daha uğurlu olmaq istəyirik.

- Yeni mövsümlə bağlı düşüncələrin necədir? Səncə, daha güclü "Turan Tovuz" görəcəyik, avrokuboklar uğrunda mübarizə aparan komanda?
- İndi istirahətdəyik. Bu mövsüm yığılanda qarşımıza məqsəd qoymuşduq. İnanıram ki, yeni mövsüm bundan da yaxşı olacaq. Çempionata yaxşı hazırlaşacağıq ki, bu mövsümkü səhvlərimizi təkrarlamayaq.