Dünya futbolu ulduzlarla zəngindir.
Apasport.az saytının məlumatına görə, bəzi ulduzlar futbol səmasına çox gec yüksəlib.
Hətta 30 yaşdan sonra parlayan futbolçular da az deyil. Belə oyunçulardan beşini təqdim edirik:
Antonio di Natale (İtaliya)
“Udineze” tarixinin ən yaxşı bombardirinin karyerası heç də uğurlu başlamayıb. O qədər də ciddi qəbul edilməyən “Empoli”də belə heyətə düşməkdə çətinlik çəkən forvard gününü icarələrdə keçirib. Yalnız 23 yaşında bu klubda möhkəmlənən di Natale nə qol sayı, nə başqa bir şeylə fərqlənməyib. Sıradan hücumçu sayılan futbolçunu “Udineze”yə keçəndən sonra parlayıb. Mövsümdən mövsümə qol sayını artıran forvard A seriyasının bombardiri adını da qazanıb və yığmanın hücum xəttinin liderinə də çevrilib.
Dieqo Forlan (Uruqvay)
Di Nataledən fərqli Forlan gənc yaşlarından istedadlı oyunçu sayılıb. “İndependente”də 23 yaşınadək 37 qol vuran futbolçu Avropa nəhənglərinin maraq dairəsinə düşüb. “Mançester Yunayted”in 7 milyon funt sterlinqə aldığı uruqvaylı Ruud van Nistelroyla rəqabətdə uduzub. Ueyn Runinin alınmasından sonra “qırmızı şeytanlar”a lazım olmayan Forlan “Vilyarreal”a keçib. Burada parlayan futbolçu La Liqanın bombardiri adını qazanıb və komandasını Çempionlar Liqasına daşıyıb. Sonradan “Atletiko”ya keçən uruqvaylı burada Serxio Aquero ilə qorxunc tandem yaradıb. Sonradan baş məşqçi ilə problemi yaranan Dieqo satıldığı “İnter”də özünü göstərə bilməyərək Cənubi Amerikaya qayıdıb.
Dieqo Milito (Argentina)
Dieqonun karyerası “Barselona”dan tanınan kiçik qardaşı Qabriellə bağlıdır. “Rasinq”də çıxış edən forvardın komandasının Argentina çempionatındakı əsas rəqibinin müdafiəçisi qardaşı idi. Avropaya üz tutan Milito B seriyasında çıxış edən “Cenoa”ya keçdikdən sonra işləri yaxşı gedib. Amma klubun C seriyasına göndərilməsi üzündən komanda axtarmalı olub. Dieqo qardaşının da oynadığı “Saraqosa”ya keçib. Amma komandası Sequndaya yuvarlanan forvard yenidən İtaliyaya qayıtmaq məcburiyyətində qalıb. A seriyasına dönən hücumçu 30 yaşında Joze Mourinyo tərəfindən “İnter”ə çağırılıb. Bu yaşda ilk dəfə top-komandaya düşən forvard A seriyasının bombardiri, ölkə çempionu və Çempionlar Liqasını qazanmağı bacarıb. Amma Milito yığmada heç vaxt möhkəmlənə bilməyib.
Andrea Bartsalyi (İtaliya)
Uzun illər İtaliyanın o qədər də tanınmayan klublarında çıxış edən müdafiəçi yalnız karyerasının sonlarında özündən söz etdirib. O, bacarığını daha çox “Palermo”da göstərməyi bacarıb. Sonradan “Volfsburq”a keçən müdafiəçi Almaniya çempionu da olub. Uzun müddət milliyə də cəlb olunan futbolçu 2006-cı ildə dünya çempionluğu qazansa da, əsas heyət üzvü sayılmayıb. O, 2011-ci ildə “Yuventus”a keçəndən sonra sözünü deməyə başlayıb. Cəmi 300 min avroya transfer olunan arxa xətt oyunçusu ehtiyat qüvvə kimi alınsa da, əsas heyət üzvünə çevrilməyi bacarıb.
Maykl Karrik (İngiltərə)
“Mançester Yunayted”in heyətində uzun illər ərzində çoxsaylı mükafatlar qazanan yarımmüdafiəçi ehtiyat oyunçular skamyasının üzvü sayılıb. O, yalnız əfsanəvi Pol Skoulzun gedişindən sonra özünü əsas heyət üzvü kimi göstərib. Karyerasına “Vest Hem”də başlayan və sonradan “Tottenhem”də çıxış edən Karrik “qırmızı şeytanlar”a 18 milyon funta başa gəlib. Yığmada da Stiven Cerrardla Frenk Lempardın kölgəsində qalan Maykl yalnız karyerasının sonlarında “11-lik”də şans qazanmağa başlayıb.