4 güləşçimiz Avropa çempionatının yarımfinalında
17.04.2023 - 16:59
4 güləşçimiz Avropa çempionatının yarımfinalında

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 5 çəkidə sərbəst güləşçilər mübarizə aparır.

Yarışa 1/4 finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə "tuş"la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşacaq.

Əli Rəhimzadə (65 kq) 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb - 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub - 1:4.

Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonla üz-üzə gələcək.

Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb - 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşəcək. 

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri saat 20:00-dan etibarən İctimai Televiziya vasitəsi ilə canlı yayımlanacaq.

writer photo
Əlirza Əlirzalı
0