Adil Şükürov: "Uğura gedən yollar müxtəlifdir"
14.12.2023 - 19:03
Adil Şükürov: "Uğura gedən yollar müxtəlifdir"

Misli Premyer Liqasının XVII turunun açılış matçında "Kəpəz" Tovuzda "Sumqayıt"ı qəbul edib (1:1). 

Apasport.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. 

Şükürov oyun haqqında fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərin gözləntilərini doğrultmağa çalışırıq. Ağır komandaya qarşı oynadıq. "Sumqayıt" sürətli əks-hücumlara çıxan komandadır. Komandamız düzgün müdafiə olunub, sürətli hücumlarda imkanlar yaxaladı. "Kəpəz" daha yaxşı yerlərə getməyə hazırlaşır.

 

- Sizin gəlişinizdən sonra oyun keyfiyyəti artıb. Gələndən sonra nəyi dəyişdiniz?

- Uğur bir dənədir, ona gedən yollar müxtəlifdir. Bu komandanı Azər müəllim yığıb, əziyyəti böyükdür. Ona təşəkkür edirəm. Çalışırıq ki, komandanı yaxşı motivasiya edək. Bu, bir az vaxt aparır. Mümkün qədər qısa vaxtda hansısa nailiyyətlər əldə etmək istəyirik.

 

- Öz oyun fəlsəfənizi komandaya tam aşılaya bilmisiz?

- Hələ yolun başındayıq. Cüzi şeyləri aşılaya bilmişik. İstəklərimizi daha da təkmilləşdirməyə çalışırıq. Düşünürəm ki, doğru yoldayıq.

 

- Bu gün hücumda Cavad Kərimova şans verməyiniz nə ilə bağlı idi?

- Nianeni əsas heyətdə meydana buraxmaq istəyirdik. Son məşqdə ayağında ağrı hiss etdi. Düşündük ki, Cavada şans verib gələcəkdən onun potensialından yararlanaq.

 

- Giorgi Papunaşvili tam istədiyiniz formadadır?

- Bundan daha yaxşı ola bilər. Bu, bütün futbolçulara aiddir. Daha tez uyğunlaşan futbolçular daha tez inkişaf edəcək.

 

- Yerli qapıçı transfer etmək niyyətiniz var?

- Komadanın gündən-günə inkişaf etməsini istəyirik. Hansısa mövqedə yerli və ya legioner futbolçunun oynaması fərq etmir. Bu gün Cavada şans verdik. Çalışırıq ki, Gəncə futboluna yeni adlar qazandıraq.

 

- 6 yerli futbolçuya şans verməyinizin səbəbi nə idi?

- Əsas məslə süni meydança amilidir. Hər futbolçuya güvənirik. İstəyirik ki, onların hər biri oyun dinamikasında qalsın. "Kəpəz-2"-də istedadlı uşaqlar var. Hər məşqimizə əvəzedici komandadan futbolçular dəvət edirik.

writer photo
Əlirza Əlirzalı
0