Ağasəlim Mircavadov: “De Byazi necə vaxt istəyirdisə, yenisi də eynisini edəcək”
27.09.2022 - 12:22
Ağasəlim Mircavadov: “De Byazi necə vaxt istəyirdisə, yenisi də eynisini edəcək”

“Millinin baş məşqçi məsələsi barədə hamı kimi, mən də düşünürəm. Qərar verərkən gələcək perspektivi düşünmək lazımdır”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

75 yaşlı mütəxəssis komandamızın Millətlər Liqasının son matçlarındakı qələbələrinə münasibət bildirib. Onun fikrincə, bu uğurda baş məşqçi Canni de Byazinin 4-lü müdafiə sisteminə keçidi mühüm rol oynayıb: “Düzdür, komandamız Millətlər Liqasının son üç oyununda qələbə qazandı. Bu çox gözəl. Amma oyun baxımından elə bir irəliləyiş olmadı. Keyfiyyətli futbolçular var. Sadəcə, onları yığmaq və düzgün taktika ilə oynatmaq lazımdır. Qazaxıstanla son matçda baş məşqçi düzgün əvəzetmələr etdi və bu gedişat həlledici oldu. Slovakiya və Qazaxıstanla son iki görüşdə sistem də, de Byazi özü də dəyişdi. İtaliyalı 4-lü müdafiə sisteminə qayıtdı”.

Ağasəlim Mircavadov “Canni de Byazi millidə qalmalı, yoxsa yeni çalışdırıcı gətirilməlidir”, - sualını belə cavablandırıb: “De Byazi millidə qalmalıdır, ya yox, bunu tərəziyə qoymaq lazımdır. Böyük analizə ehtiyac var ki, görək bundan sonrası üçün perspektiv varmı? Bu analiz cavabı ortaya çıxaracaq. AFFA-nın nə istədiyi də önəmlidir. Qurum yerli, yoxsa əcnəbi məşqçi ilə yola davam etməyi düşünür? De Byazi necə vaxt istəyirdisə, yeni əcnəbi mütəxəssis gəlsə, o da eynisini edəcək. Ümumiyyətlə, məşqçinin vaxt istəməsi mənə qəribə gəlir. Çünki şəxsən mən məşqçi kimi çalışanda vaxt istəməmişəm. Bizdə yerli ilə əcnəbi arasında fərq qoyurlar. Yerli gənc məşqçilərimiz var ki, get-gedə artırırlar. Onlara vaxt lazımdır ki, işləyə-işləyə inkişaf eləsinlər”.

Qeyd edək ki, Azərbaycan yığması C liqasının 3-cü qrupunda 10 xalla ikinci yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0