Ağasəlim Mircavadov: “Qarabağ”ın məğlubiyyəti mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ
20.12.2022 - 13:36
Ağasəlim Mircavadov: “Qarabağ”ın məğlubiyyəti mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Bu mərhələdə keçirilən “Qəbələ” - “Qarabağ” matçını necə qiymətləndirirsiniz? 
- Kubok oyunları hər zaman çempionat görüşlərindən fərqlənib. Çünki yarışın qalibi olmaqla Avropaya vəsiqəni qısa yolla əldə edə bilirlər. Məhz bu amillərə görə də kubok matçlarının həyəcanı da fərqli olur. “Qəbələ” - “Qarabağ” matçına gəlincə, Ağdam təmsilçisinin liderləri olmayanda və ya onlar zəif çıxış edəndə komanda oyuna köklənməkdə çətinliklə üzləşir. Cavab görüşündə məhz mən bunun şahidi oldum. “Qəbələ” isə çox istəkli idi. Düzdür, onların da çoxlu səhvləri oldu. Ancaq əzmkar mübarizə və qalib gəlmək arzusu yüksək olanda bu səhvləri kompensasiya edirsən. Ümumiyyətlə, qış aylarında komandaların oyunlarında müəyyən geriləmələr baş verir. Movsümlərarası fasiləyə az qalanda futbolçular sanki oyunlara köklənməkdə çətinlik çəkirlər.  

- “Qarabağ” 420 gün idi ki, Azərbaycan klublarına uduzmurdu. Bu məğlubiyyət sizin üçün gözlənilməz olmadı ki? 
- Bu məğlubiyyətin mənim üçün gözlənilməz olduğunu deməzdim. Çünki iki oyunun sonunda daha istəkli və qələbəyə inanan tərəf məncə “Qəbələ” idi. Biz “Qarabağ”ın avrokubok oyunlarında necə çıxış etdiyini gördük. Bəlkə də bu məğlubiyyətin səbəblərindən biri futbolçulardakı yorğunluq və konsentrasiyanın zəifləməsi idi. Həm də çempionatdakı liderlik də sanki futbolçuların rahat davranmasına səbəb olub.
 
- “Səbail” - “Sabah” oyunu ilə bağlı fikirləriniz necədir? Artıq Mahmud Qurbanovun komandasının özünə gəldiyini deyə bilərikmi?
- Mahmud Qurbanov ölkənin ən tanınan futbolçularından biri olub. Kifayət qədər də məşqçilik təcrübəsinə sahibdir. Mahmudun  düşündüyü oyunu oynatmaq üçün zamana ehtiyacı var. Legionerlər də komandaya tam uyğunlaşa bilməyiblər. “Səbail”in gələcəkdə daha yaxşı oynayacağını düşünürəm. Bu komanda hər iki qarşılaşmada hücumda oynayan tərəf idi. Cavab görüşündə  əks-hücumdan vurulan qolla qalib gəldi. “Sabah”ın məğlubiyyətinin əsas səbəbi isə xırda səhvlər idi. Qol vəziyyətlərindən də istifadə edə bilməmələri sonda komandanın kubokla vidalaşması ilə nəticələndi.

- Murad Musayevin komandası son görüşlərdə intizamsızlığı ilə diqqət çəkir. Bu nədən qaynaqlana bilər?
- Murad bir müsahibəsində “hakimlə deyil, rəqib futbolçularla mübarizə aparmalıyıq” deyib. Fikrimcə, bu intizamsızlığın səbəblərindən biri də oyun səviyyəsinin aşağı düşməsidir. Futbolçular sanki daxili gərginlik keçirilər. Məhz bu psixoloji gərginlik səhvlərə gətirib çıxarır. İnanıram ki, komanda ən qısa zamanda özünü toparlayaraq keçmiş günlərinə qayıdacaq. 

- Bu gün 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək. “Neftçi” - “Zirə” və “Turan Tovuz” - “Kəpəz” duellərindən nə gözləyirsiniz?
- Düşünürəm ki, komandalar nəticəyə oynayacaq. “Zirə” yaxşı futbol sərgiləyir. “Neftçi” isə ilk oyunda zəif çıxışıyla yadda qaldı. Gərgin bir matç bizi gözləyir. “Zirə”nin ilk oyundakı qələbədən irəli gələn üstünlüyü də var.  “Turan Tovuz” isə ilk qarşılaşmada yaxşı futbol sərgilədi. Ümumiyyətlə, bu komandaların oyunu hər zaman gərgin keçir. İlk oyundakı nəticəyə baxsaq, Tovuz təmsilçisinin şansı çoxdur. Əgər Ayxan Abbasovun komandası turu adlamaq istəyirsə, sakit və diqqətli oynamalıdır. “Kəpəz”in isə itirəcək heç nəyi yoxdur. Onun üçün də komanda qələbə qazanmaq üçün əlindən gələni edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0