AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az-a açıqlama verib. O, “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”ə qarşı keçirəcəyi oyunu dəyərləndirib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın Londonda uğurlu çıxış edəcəyinə inanır: “Güclü klublarla oynayanda inkişaf barəsində nəyəsə ümid edirsən. Düzdür, “Qarabağ” Azərbaycanın top klubudur. Ona görə də, nəticə necə olursa olsun, məni oyun maraqlandırır. Bu oyun da “Qarabağ”da var. Çünki onlar 1 il öncə Avroliqada güclü klublarla oynadı. Əsasən də, “Bayer”lə 4 dəfə qarşılaşdı. Düzdür, nəticə uğursuz oldu, amma oyununa görə, təmsilçimiz 4 oyundan 3-nü uddu. Çünki vacib olan oyundur. Oyun olanda xal da olur. Arzu edirəm ki, “Qarabağ” sabahkı görüşdə öz oyununu oynaya biləcək. Komanda ruhunu görə biləcəyik. Böyük stadionlarda “Qarabağ”ın təcrübəsi var. “Qarabağ” azarkeş təzyiqinə dözümü olan komandadır. Ona görə də, sakit şəkildə oyunlarını oynaya biləcəklər. “Qarabağ” artıq Londondadır. Onlara uğurlar arzu edirəm. “Qarabağ”ın yaxşı futbol oynayacağına ümidliyəm”.
Ağasəlim Mircavadov Ağdam klubunun güclü kluba qarşı oynayacağını vurğulayıb: “Digər tərəfdən isə “Tottenhem”i izləyirəm. Onlar İngiltərə çempionatında 7 xalla 10-cu sıradadırlar. Son oyunda qələbə qazanıblar. Rəqibin adı, imici var. Hər kəsə məlumdur ki, “Tottenhem” London klubudur”.
Mütəxəssis “Ayaks”ın “Qarabağ”ın ən güclü rəqiblərindən biri olduğunu söyləyib: “Bakıya “Ayaks”, “Malmö” kimi komandalar gələcək. Onlar güclü klublardır. Əsasən də, “Ayaks” ən güclü komandalardan biridir. Biz onları canlı olaraq izləyəcəyik. Bu da “Qarabağ”ın sayəsindədir. Avropa Liqasının yeni formatı ağır və çətin olacaq, amma ümidlidir. Çünki şanslar yüksəkdir”.
Nərmin Vüqarqızı