Ağasəlim Mircavadov: "Sonrasını yığıb-yığışdırmaq ağır olacaq" - Müsahibə
17.01.2024 - 21:02
Ağasəlim Mircavadov: "Sonrasını yığıb-yığışdırmaq ağır olacaq" - Müsahibə

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Mövsümün 2-ci hissəsinin başlamasına az qalıb. Qış fasiləsində komandalar heyətlərinə bir sıra oyunçu cəlb etdi...
- Qış aylarında olan hazırlıq qısa çəkməsinə baxmayaraq, intensiv olur. Əsasən də, komandaların vəziyyəti edilən transferlərdən asılıdır. Xarici futbolçuların transferindən müsbət nəticə gözləmək lazımdır. Çünki həm maliyyə baxımından, həm də qış aylarında oyunçu tapıb, onu Azərbaycana gətirmək çox çətin olur.

- Yeni transferlərdən ilk oyunlarda yüksək performans gözləməyə dəyər?
-Təxminim dəqiq deyil, çünki ilk oyunlar ola bilsin ki, yeni transferlər effekt verməsin. 2-ci və 3-cü oyunlara nəzər salmaq lazımdır.

- Hazırda yoxlama oyunları keçirilir. Görünür, "Qarabağ" üçün oyunun rəsmi və ya hazırlıq olmasının fərqi yoxdur...
- Yoxlama görüşlərində adətən nəticəyə fikir verilmir. Çünki bu oyunlarda əsasən yeni futbolçular yoxlanılır. "Qarabağ" 4:0 hesabı ilə Zirə"yə qalib gəldi. Onlara qələbə ruhunu saxlamaq lazımdır, çünki fevralda "Braqa"ilə matçda bu psixologiya onlara çox lazım olacaq.

- "Neftçi" yeni məşqçisinin başçılığı ilə rəsmi olmasa da, artıq bir neçə matç oynadı. İlkin təəssürat necədir?
- "Neftçi"nin məğlubiyyəti ola bilər ki, yeni baş məşqçi ilə əlaqəli olsun. Azərbaycan futbolunu, çempionatını və futbolçuları tanımır. Amma hiss edilir ki, əvvəlki məşqçidən fərqli olaraq bəzi futbolçulara böyük şans verəcək.

- "Qəbələ" və "Kəpəz" ilk yarını autsayder kimi başa vurdu. Lakin "Kəpəz" yeni məşqçi təyinatından sonra "Qəbələni" üstələyə bildi. Bu haqqda nə düşünürsünüz?
- Mən Adili yaxşı tanıyıram. Məndə yığmada oynayıb, işgüzar məşqçidi. Ancaq indiki "Kəpəz"in vəziyyətinə yaxşı demək olmaz. Oyun prosesi üçün meydançaları yoxdu. Məcbur olurlar ki, yoxlama oyunlarını Qəbələdə oynasınlar.

- Yəni, hansı komandanın elitanı tərk edəcəyini təxmin etmək indiki halda çətindir?
- Açıq deyim ki, mübarizənin necə olacağı mayda bilinəcək. İlk oyundan xal itirilsə, sonrasını yığıb-yığışdırmaq ağır olacaq.

 

İradə Hatəmi

writer photo
Əlirza Əlirzalı
0