Almaniya Bundesliqası 1-ci, Azərbaycan Premyer Liqası 37-ci sırada
10.10.2022 - 09:51
Almaniya Bundesliqası 1-ci, Azərbaycan Premyer Liqası 37-ci sırada

CIES futbol observatoriyası 2022-ci ildə orta hesabla bir oyunda ən çox qol vəziyyətləri yaranan və qol vurulan çempionatları sıralayıb.

Apasport.az saytının məlumatına görə, 74 liqanın qərarlaşdığı cədvəldə Azərbaycan Premyer Liqası da özünə yer tapıb.

Çempionatımız sıralamada 37-ci pillədə qərarlaşıb. Araşdırmaya əsasən, Misli Premyer Liqasında bir oyunda orta hesabla 10,58 qol vəziyyəti yaranır və onun 2,60-da topu qapıdan keçirmək mümkün olur. Bunun 0,22-si isə penaltilərin payına düşür.

Premyer Liqamız bu statistikada Xorvatiya, Şotlandiya, Braziliya, Polşa, Yunanıstan, Ukrayna kimi ölkələrin yüksək liqalarını üstələyir. Qardaş ölkə Türkiyənin Super Liqası reytinqdə 8-cidir. Hər matçında orta hesabla 11,94 şans yaradılan və 2,91 qol vurulan Türkiyə elitası “böyük beşlik” ölkələrindən İngiltərə Premyer Liqası (10-cu), İtaliya A seriyası (11), Fransa Liqa1-i (14) və İspaniya La Liqasını (28) qabaqlayır.

Siyahıya Almaniya Bundesliqası başçılıq edir. Almaniya çempionatında orta hesabla hər görüşdə 12,96 təhlükəli həmlə olur və 3,04 qol vurulur. Niderlandın 2-ci liqası ikinci (12,67 qol vəziyyəti, 3,05 qol), Norveç çempionatı (12,41 qol vəziyyəti, 3,18 qol) isə üçüncü göstərilib.

writer photo
Əlirza Əlirzalı
0