Almaniya millisinin məşqçisi Sandro Vaqner Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş hakim Entoni Teyloru təhqir edib.
Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, görüşün 106-cı dəqiqəsində Camal Musialanın zərbəsi zamanı top cərimə meydançasında ispanların müdafiəçisi Mark Kukurelyanın əlinə dəyib. Lakin referi həmin epizodda penalti təyin etməyib. Bu səbəbdən mütəxəssis hakimlərin otağına daxil olaraq, ingiltərəli tanınmış referinin ünvanına təhqiredici ifadələr səsləndirib.
Qeyd edək ki, bu nəticədən sonra Almaniya millisi ev sahibliyi etdiyi turnirdə mübarizəni dayandırıb, İspaniya seçməsi isə yarımfinalda Fransaya rəqib olub.