Ange Mutsinzi: “Osiyek”ə qarşı cavab oyunu asan olmadı" - Müsahibə
17.08.2024 - 15:37
Ange Mutsinzi: “Osiyek”ə qarşı cavab oyunu asan olmadı" - Müsahibə

“Zirə”nin futbolçusu Ange Mutsinzi apasport.az saytına müsahibə verib. O, komandasının avrokuboklarda uğurlu nəticə qazanmasından danışıb.

- “Osiyek”ə qarşı cavab oyunun bu qədər ağır olacağını ehtimal edirdiz?
- Asan oyun deyildi. Belə olacağını da ehtimal edirdik. Çünki ilk görüş də asan alınmamışdı. Yaxşı komandaya qarşı oynadıq. Əlimizdən gələni etdik. Xoşbəxtəm ki, biz pley-off mərhələsinə vəsiqə qazandıq. Həqiqətən də çox yaxşı oyun alındı.

- Bu qədər gücünüz var idi ki, 120 dəqiqə oynayıb, daha sonra penaltilərə gedəsiz?
- Əlbəttə ki, gücümüz var idi. 

- “Osiyek”lə penaltilər seriyasından əvvəl nə düşünürdün? “Şerif”lə oyunsonrası penaltilər uğursuz alınmışdı deyə, bu dəfə də neqativ düşüncə var idi?
- Penaltilər onsuzda şans kimi bir şeydir. Lotoreyadır. Bir dəfə uduza bilərsən, bir dəfə qalib gələ bilərsən. Hər şey olur. Şadam ki, “Osiyek”lə matçda qalib gəldik. Penaltilər seriyasında hər şey mümkündür.

- Niyə hər şeyi 90 dəqiqə ərzində həll etmədiz? Şanssızlıq oldu?
- Bir az bəxtsizlik də oldu. Çünki kifayət qədər qol şanslarımız var idi. Onları da vura bilərdik. Sadəcə təəssüf ki, onlardan yararlana bilmədik. Lakin təzyiq göstərməyə davam etdik və sonda da qalib gəldik. Şadam ki, indi pley-off mərhələsində oynayacağıq.

- Penalti zərbələrini yerinə yetirmirsən. Bu nə ilə əlaqədardır? Yoxsa, “Osiyek”lə görüşdəki penaltilər seriyasında siyahıda adın var idi?
- Düzün deyim, mən siyahıda deyildim. Baş məşqçi qərar vermişdi ki, penaltiləri kim vuracaq. Nə bilmək olar, bəlkə də gələn dəfə penaltilərdən birini də mən vuracam. Amma təbii ki, psixoloji olaraq mən də hazır idim.

- Konfrans Liqasının qrup mərhələsinə düşmək yolunda son sınaq “Omoniya”dır. Bu rəqib haqda və oyun barədə nə düşünürsən?
- Əlbəttə ki, “Omoniya” haqda məlumatlıyam. Yaxşı komandadan söhbət edirik. Ancaq yenə də hər şey mümkündür. Mümkünsüz heç nə yoxdur. Əlimizdən gələni edəcəyik. Hər şeyimizi verəcəyik ki, uğurlu olaq. Buna çox inanırıq.

writer photo
Əlirza Əlirzalı
0