Azərbaycan millisinin köməkçi məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Milli komandaya namizədlər arasında sizin də adınız var. Namizədlər arasında yer almaq necə hissdir?
- Təbii ki, o siyahıda mənim də adımın olması özüm üçün də xoşdur. Azərbaycanlı olaraq milli komandada işləmək böyük fəxrdir, qürurdur. Çalışdırıcı üçün milli komandanın baş məşqçisi olmaq pik nöqtədir.
- Sosial şəbəkələrdə Tərlan Əhmədov, Rəşad Sadıqov və sizin də adınız yazılır. Azarkeşlərin sizi namizəd kimi göstərməsi yəqin ki, motivasiya verir?
- Təbii ki, dediyim kimi xoşdur. Adıçəkilən hər məşqçiyə də hörmətlə yanaşıram. Hər biri millini çalışdırmağa layiqdir. Nə məsləhətdirsə, o da olsun.
- AFFA-dan sizə baş məşqçiliklə bağlı təklif edilib? Ən azı baş katib Sərxan Hacıyev sizinlə bu haqda danışıb?
- Xeyr, heç bir söhbətimiz olmayıb. Hazırda milli komandada baş məşqçi köməkçisi kimi işimə davam edirəm. Öz işimizi görürük. Növbəti həftə oyunlara da gedib öz işimizi görəcəyik.
- "Neftçi"də də baş məşqçi kimi işləmisiz. Əsas millinin baş məşqçi postuna təyin olunmaq məsuliyyətinə hazırsız?
- Reklam kimi çıxmasın ki, özüm haqda danışıram. Millidə, gənclər yığmasında, "Neftçi"də də təcrübəm var. "Neftçi" də top komandamızdır. Orada da işləmişəm. Dörd ilə yaxındır A millidə köməkçi məşqçi kimi çalışıram. Azdan-çoxdan təcrübəm var. Əgər milliyə lazımamsa, azərbaycanlı kimi borcumuzdur ki, tərəddüd etmədən millidə çalışaq, xidmət edək.
- Tez-tez müzakirələr gedir ki, indiki milli dövrünün ən güclüsüdür. Sizcə hazırkı futbolçularla nəsə edə bilərik? Ən azından son ana qədər mübarizə aparmaq gücündəyik?
- Hər millinin öz dövrü, öz icraçıları var. Səviyyəli futbolçularımız da, hər dövrdə yaxşı və pis oyunlarımız da olub. Ona görə də, istəməzdim müqayisə aparım. Amma hazırda da millimizdə yaxşı, keyfiyyətli oyunçularımız var. Canni De Byazi son dövrlərdə milliyə gəncləri də qatdı. Balanslı komanda var ki, gələcəyə perspektiv mənasında ümid verir.
- Canni De Byazinin gedişini gözləyirdiz, yoxsa gözlənilməz oldu?
- Bu suala birmənalı şəkildə cavab vermək olmur. Bilirdim ki, işləyib, işini davam etdirmək istəyir. Bundan bir müddət əvvəl gördüyü işlər də onu göstərirdi. Amma AFFA ilə müqaviləsi bitmişdi. Necə oluğunu, təfərrüatını bilmədiyim üçün mənim üçün gözlənilməz oldu.
- Sizinlə sağollaşdı və nə dedi?
- Biz həmişə görüşürük, telefonla da əlaqə saxlayırıq. Bu gün də görüşdük. Bir növ vidalaşmaq kimi oldu. Amma əlbəttə, son görüş deyildi. Onun tərəfindən də, mən tərəfdən də ünsiyyətimiz həmişə olacaq. Biz əsas insani cəhətləri üstün götürürük. Təbii ki, iş işliyində qalır. Futboldur da, bu gün burada işləyə bilərsən, sabah gedə bilərsən. Əsas insani keyfiyyətlərdir ki, bizim də De Byazi ilə aramızda bu, yüksək səviyyədə idi. Həm mən, həm də De Byazi yaxşı dost qazandıq.
- Sizcə, təpik məsələsi çox şişirdildi?
- Məncə, çox şişirdildi. Bunu bu dərəcədə başqa yöndə yozmaq düz deyildi. Özünüz də görürsüz, udduğumuz oyunda, vurulan qoldan sonra hansı mənfi fikir ola bilər ki? Əksinə, müsbət emosiyalardı. Hətta dünya futbolunda da buna rast gəlmək olar. Xatırlayırsızsa, Fransa millisi 1998-ci ildə dünya çempionu olanda, Loran Blan hər qoldan sonra Fabian Bartezin başından öpürdü. Bu jestlər olur. Amma ona çox önəm vermirəm.
- De Byazinin də sizi elə öpməsi daha yaxşı olmazdı?
- O hallar da olub, qol vuranda, qalib gələndə qucaqlaşmışıq. Amma həmin məsələ də, o da içəridən gələn hiss idi. Bəlkə də De Byazinin özündən asılı olmayan məsələ idi. İstənilən halda, bunların hamısı emosiyalardır. Futbolda bu cür hallar olur.