Aslan Kərimov: "Düşündüyüm baş versə işimiz çətin olacaq" - Açıqlama
11.10.2024 - 14:39
Aslan Kərimov: "Düşündüyüm baş versə işimiz çətin olacaq" - Açıqlama

"Digər iki rəqiblə müqayisədə bizə ən uyğun, 3 xalı qazana biləcəyimiz rəqiblə görüşəcəyik".

Bunu Azərbaycan millisinin UEFA Millətlər Liqasının III turunda Estoniya ilə matçı barədə apasport.az-a açıqlama verən Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis matçdan gözləntilərini bölüşüb: 

"Estoniya millisi də təqribi bizim yığmanın gücündədir. Oyun üslubuna görə bir qədər fərqliyik, amma potensial və güc olaraq eyni səviyyədəyik. Estoniya millisinin qapıçı məşqçisi ilə danışmışam. Mart Puum həm də qapıçılar üzrə UEFA-nın təlimatçısıdır. Bu baxımdan bizim məşqçilərin onunla sıx münasibətləri var. Bizim İsveçlə ev oyunumuzun birinci hissəsində rəqibi demək olar ki, üstələmişdik və 3-4 qol imkanı yaratmışdıq. Yaxşı oynasaq da, bunu qələbəyə çevirə bilmədik. Slovakiya ilə oyun yaxşı alınmadı. Estoniya millisində də eyni vəziyyət yaşanıb, amma bir qədər fərqli olub. Onların Slovakiya ilə oyunda qol şansları olsa da, nəticə olmayıb. İsveçlə isə bizim əksimizə qapı qarşısında elə də şans yarada bilməyiblər. Bu da hər iki millinin eyni vəziyyətdə olduğunu göstərir".

Kərimov Fernandu Santuşun oyun strageyisası ilə bağlı bunları deyib: "Strategiya olaraq Santuşun hansı üsulda çıxış edəcəyini bilmirəm. Amma onun yanaşma tərzini götürəsi olsaq, Santuş praqmatik futbola üstünlük verir. Dolayısı yolla gözəl hücum onu maraqlandırmır. Bizim kimi milli komanda üçün əsas 3 xalı qazanmaqdır. Mənə elə gəlir ki, bu oyunda 4-2, 4-1 kimi çıxış edə bilərik. Bu cinahlarda oynayan futbolçularımızdan Ramil Şeydayev yaxşı formada deyil. Mahir Emreli isə Almaniyada artıq matçlara çıxır. Ən azından o komandaya kömək edə bilər. Renatın da qol vurma şansları yüksəkdir. Yəni Estoniya millisinin müdafiə xəttini yarmaq ixtiyarındayıq. O potensialımız var. Sadəcə bu oyunda müdafiə xəttində nə dərəcə etibarlı oynayacayıq o məni şübhə altına salıb. Bəhlul zədəlidir.. Mərkəz müdafiəçisinin birini itirmək hücum üçün rəqibə yol açmaqdır. Bədavi yəqin ki oynayacaq. Amma digər müdafiəçi kim oynayacaqsa, təcrübəsiz biri ola bilər. Bu məni bir qədər narahat edir. Çünki müdafiə xəttimiz elə də etibarlı görünmür. Ümid edirəm, daxili çempionatdan sonra futbolçular bərpa olunublar və yaxşı performans göstərəcəklər". 

Sabiq milli üzvü cinah hücumlarının Estoniya millisinin üstün tərəfi olduğunu bildirib: "Onlar da bizə qarşı 4-4-2 və ya beşli müdafiə şəklində oynaya bilərlər. Cinah hücumları çox təhlükəli olur. Belə komanda qarşısında standart vəziyyətlər, hava topları bizim üçün problemə çevrilə bilər. Hər halda potensial 50/50-dir. Hər iki komandanın qələbə şansı bərabərdir. Kim daha yaxşı konsentrasiyalı olacaq və müdafiədə daha az səhv buraxacaqsa, o komanda da qalib gələcək. Ümid edirəm, səhv edən yox, səhv etməyə vadar edən tərəf biz olarıq". 

Mütəxəssis Estoniya ilə matçın nəticəsinin Slovakiya ilə oyuna böyük təsir göstərəcəyini vurğulayıb: "İstər-istəməz Estoniya qarşısında xal qazana bilsək, Slovakiya qarşısına daha motivasiyalı çıxa bilərik. Ardıcıl oyunlar oynamaq bizim üçün çətin olur. Bu halda həm rotasiya etmək çətinləşir. Sözsüz ki, rotasiya etmək üçün oyunçular olacaq, amma onların təcrübəli olacaqları sual altındadır. İkinci oyunda daha güclü olmalıyıq. Çünki Slovakiya millisi təcrübəli, güclü və sürətə dayanıqlı komandadır. Əgər Estoniya ilə oyundan sonra futbolçular yorğun olacaqlarsa, adaptasiya problemi yaşayacaqlarsa işimiz çətin olacaq. Düşünürəm ki, ikinci oyunu fikirləşmək lazım deyil. Çünki məsələyə real yanaşsaq, 3 xal götürə biləcəyimiz komanda Estoniyadır".

Qeyd edək ki, Millətlər Liqasının III turunda komandamız bu gün Estoniya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0