Aslan Kərimov: “Qarabağ”ın qol vurmaq şansları daha yüksək olacaq"
23.10.2024 - 16:32
Aslan Kərimov: “Qarabağ”ın qol vurmaq şansları daha yüksək olacaq"

“Qarabağ” ilk 2 oyunda məğlub olub və komandanın qarşısına qoyduğu məqsəd pley-offa vəsiqə qazanmaqdır. Sözsüz ki, "səkkizliy"ə düşmək çətindir, amma ilk 24 komanda arasında qərarlaşmaq mümkündür".

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis ağdamlıların "Ayaks"la matçını dəyərləndirib: "Hələ ki, "Qarabağ"ın şansları yerində qalır. Bunu itirməmək üçün “köhlən atlar” “Ayaks”la matçda ən azından 1 xal qazanmalıdır. İlk 2 görüş sıx qrafikdə keçirilmişdi. Üç gündən bir keçirilən qarşılaşmalarda “Qarabağ”ın oyun dinamikasının aşağı düşdüyü açıq-aşkar görünürdü. Komandanın baş məşqçisi Qurban Qurbanov da bunu öz açıqlamalarında dilə gətirmişdi. Lakin “Ayaks”la görüş üçün bəlli bir zaman keçib. Heyətdə olan legionerlərin, hansı ki, komandanın əsas hissəsini təşkil edən futbolçuların dincəlməyə imkanı olub. Bu, əsas verir ki, “Qarabağ” daha dinamik oyun göstərə bilsin. Matçın texniki tərəfinə yanaşsaq, “Ayaks” adlı-sanlı, köklü bir klubdur. Bu cür komandalar “Malmö” kimi heç vaxt geriyə çəkilmir. Onlar daha çox hücumameyilli oyun sərgiləyirlər. Belə oyun üslubunda isə “Qarabağ”ın qol vurmaq şansları daha yüksək olacaq. Çünki, 4-3-3 sistemində oynayan rəqibdə irəli 3-lü oyunboyu öndə olmağa çalışacaq. Bu halda əminəm ki, komanda müdafiədə boşluqlar buraxacaq. “Qarabağ”ın heyətində də Olavio Juninyo kimi çox böyük sürətə malik futbolçu var. Leandro Andrade də ondan geri qalmır. Bu da o deməkdir ki, ağdamlıların futbolçuları həmin boşluqlardan yararlana bilərlər. Bizim xal qazanmaq ehtimalımızı 60 faiz olaraq dəyərləndirirəm. Qələbə qazanmaq istəyiriksə, qarşılaşma ərzində çox diqqətli olmalıyıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Ani səhv bütün planları poza bilər. Lakin düşünürəm ki, oyunun nəticəsi “Qarabağ” üçün müsbət olacaq”.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçı sabah saat 20:45-də start götürəcək.

İsmayıl Xeyrullayev 
 

writer photo
Əlirza Əlirzalı
0