“Qarabağ"ın kubokda dayanmasının səbəblərini demək mənim üçün çətindir. Çünki komandanın içində deyiləm”.
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov deyib.
O, Ağdam klubunun ölkə kubokunun 1/4 finalında “Qəbələ”yə məğlub olaraq (2:2, 0:1) çıxışını dayandırmasına münasibət bildirib: “İşin gedişatına baxası olsaq, məğlubiyyətin səbəblərindən biri ilk yarıda pis oynamalarıdır. O qədər də, yaxşı mübarizə aparmadılar. Tez-tez top itkiləri baş verirdi. Düzdür, "Qəbələ"də də bu cür olurdu. Amma "Qarabağ"ın əsas üstünlüyü topasahib olmadırsa, buna edə bilmədilər. İkinci-üçüncü ötürmədə top itkisinə məruz qalırdılar. Bu da "Qəbələ" üzərindəki dominantlığı sıfıra gətirib çıxarmışdı. Niyə bu ötürmələrdə top itkiləri baş verirdi, bunu deyə bilmirəm. Çünki həftəiçi hazırlıqda onlarla birlikdə olmamışam, vəziyyətin nə yerdə olduğundan xəbərsizəm. Oyun üslubu, taktika, digər məsələləri deyəsi olsaq da, bəlli oyunçular var ki, "Qarabağ"ın oyununa keyfiyyət qatır”.
Kərimovun sözlərinə görə, Abdullah Zubir və Kadi Borgesin əsas heyətdə olmaması "Qarabağ"ın oyununa təsir göstərib: “Düzdür, ikinci hissədə meydana daxil oldular. Çox da böyük bir şeyi dəyişə bilmədilər. "Qəbələ" doğru strategiya seçmişdi. "Qarabağ"ın yanlış strategiya seçdiyini demək də doğru olmaz. Onsuz da, hamı bilir ki, onların bir üstünlüyü var. Dominant oynayırlar. Belə oynamaq məcburiyyətindədir. Azərbaycan çempionatında istənilən rəqibə qarşı dominant oynamalıdırlar. Ona görə də, onların nəyisə dəyişəcəyini gözləmək düzgün olmazdı. Hər halda, "Qəbələ" hər şeyə rəğmən, kompakt müdafiə olunaraq, "Qarabağ"ın hücumlarının qarşısını alırdılar. Yaxşı əks-hücumlar da qura bildilər, lazım olanda öndə çoxala bilirdilər. "Qəbələ"nin hücum xətti "Qarabağ"ın müdafiə xəttinə qalib gələ bildi. Çünki istədikləri vaxtı birə-birdə yaxşı görünürdülər. Bunlar hamısı sonda "Qarabağ"ın məğlubiyyətinə gətirib çıxardı".
Qeyd edək ki, “Qəbələ” yarımfinalda “Səbail”lə üz-üzə gələcək.