Aslan Kərimov: "Qırmızı vərəqədən sonra "Neftçi"nin şansı yox idi"
06.05.2024 - 20:03
Aslan Kərimov: "Qırmızı vərəqədən sonra "Neftçi"nin şansı yox idi"

Azərbaycanlı futbol mütəxəssisi, "Qarabağ"ın keçmiş kapitanı, vaxtilə "Neftçi"də də forma geyinən Aslan Kərimov apasport.az saytına müsahibə verib.

- "Qarabağ" "Neftçi"yə 5:0 hesabı ilə qalib gəldi. Nəticə sizin üçün gözlənilməz oldu? 
- Sözün düzü, matçdan öncə 0:5 uduzacağına inanmağım gəlmirdi. Amma "Qarabağ"ın qalib gələcəyi açıq-aşkar görünürdü. Çünki üç oyundur ki, "Qarabağ" qalib gələ bilmirdi deyə, istər-istəməz komanda daxilində hansısa toplantıya, işin ciddiliyinə gətirib çıxarmalıydı. Belə davam edə bilməzdi. Bu mənada, düşünürdüm ki, "Qarabağ" udacaqdı. Ancaq hesabın 5:0 olması... Qırmızı vərəqədən sonra "Neftçi"nin ümumiyyətlə şansı yox idi. Matç 6:0 da bitə bilərdi.

- Nəyə görə "Neftçi" "Qarabağ"la bacarmır? 
- Məncə, məsələyə düzgün tərəfdən yanaşmırıq. "Qarabağ"la "Neftçi"ni müqayisə etməyimiz düz gəlmir. Baxmayaraq ki, eyni liqada oynayırlar. "Qarabağ" bir məşqçi ilə 10 ildən çoxdur ki, eyni üslubda məşq edirlər, oyun üslublarını ortaya qoyurlar, qarşılaşdıqları rəqiblər də Avropa klublarıdır, Avropa standartlarına uyğun oyun qururlar. Onlar da belə matçlarda böyük təcrübə qazanırlar. "Qarabağ"ın və "Neftçi"nin aldığı oyunçuları müqayisə etsək, ortada əməlli-başlı fərq görünür. Düzdür, "Neftçi"də də zaman-zaman yaxşı oyunçular olub.  Sadəcə, ümumi komanda şəklində gəlmə və yerli oyunçuların qarışığı baxımından, "Qarabağ"la müqayisə olunası deyil. Mövsümün əvvəlində də kimsə "Neftçi"nin çempion olacağını desə, şübhə ilə yanaşa bilərdik. Çünki liqanın əvvəlində də "Neftçi"nin çempion olmayacağını əvvəlcədən təxmin edirdik. "Qarabağ"la müqayisədə onlar üçün çətin olacağı dəqiq idi. "Neftçi" "Qarabağ"ı çempionat ərzində uda bilərdimi? Təbii ki, zaman-zaman "Qarabağ"ın çətinlik çəkdiyi anlar olub. Bu da avrokuboklarda oynadığı vaxtlar idi. İki heyətlə eyni vaxtda oynamağa çətinlik çəkirdilər. Həmin anlarda istənilən rəqib, sonuncu pillədəki rəqib belə, "Qarabağ"a qalib gələ bilərdi. Bunun da təzahürünü görmüşdük. Amma "Neftçi"nin birinci yeri tutacağını onsuz da gözləmirdim. Ona görə də, bunu uğursuzluq kimi qələmə vermək düzgün olmazdı. "Qarabağ"ın texniki heyətinin, məşq və fiziki məşq təcrübəsi, "Neftçi"nin texniki heyətindən daha təcrübəli və keyfiyyətlidir. Bu da açıq-aşkar görünür. Sizə üç səbəb saydım ki, niyə "Neftçi" birinci yeri tutmalı deyildi. Nəyə görə birinci yeri tutmalıdır, onu isə izah edə bilmərəm.

- "Neftçi" sonuncu dəfə çempion olduğu mövsümdə "Qarabağ"a 1:0 qalib gəlmişdi, ondan sonra qələbə qazanmağı bacarmır. Düşünmək olar ki, həmin oyundakı məğlubiyyətdən sonra "Qarabağ" "Neftçi" ilə bütün oyunlara revanş gözü ilə baxır?
- Mən belə düşünmürəm. Fikrimcə, "Qarabağ" artıq o qədər rəqiblərlə qarşılaşıb ki, "Neftçi"yə hansısa inadkarlıq göstərməsi, "Neftçi" bizi bir dəfə udub çempion olub deyə, onları udmalıyıq kimi fikirlər ağıllarına gəlməyib. Amma ən azından onu bilirəm ki, 2-3 oyunda qalib gəlmədilər, ardınca "Neftçi" ilə oynadılar. Bu komandanın adı da futbolçulara motivasiya verir. Biri var, "Kəpəz" və yaxud "Səbail"ə qarşı oynayırsan, biri də var "Neftçi"yə qarşı. Ən azından "Neftçi" kökünə, soyuna görə istər-istəməz motivasiya mənbəyi olur. Amma düşünmürəm ki, "Qarabağ" o 0:1 uduzduğu oyunun revanşını ardıcıl alsın. İndiki legionerlər həmin dövrdə heç yox idilər. O oyunda udub-uduzmaqları heç yadda da deyil.

- "Qarabağ" mövsümü "qızıl dubl"la başa vurmaq şansına malikdir. Finalda "Zirə"ni məğlub edə bilərlər?
- Udub-udmayacaqlarını tam olaraq deyə bilmərəm. Amma təbii ki, final matçının favoriti "Qarabağ"dır. Bunu deməyə də bir çox əsaslar var. Final matçıdır, 100 faiz udacaqlar demək də çətindir. Çünki bundan əvvəlki "Zirə" - "Qarabağ" finalında hesab bərabərə oldu. Bu oyunda da istisna deyil. Ən azından "Qarabağ" özünün ən yaxşı formasındadır. Təbii ki, çempionatdakı oyunları saymaq istəmirəm. Bəlli səbəblərdən ola bilər ki, hansısa oyunlarda qələbə qazana bilməsinlər. Amma ümumilikdə "Qarabağ"ın ən yaxşı formada olduğu sezonlarından biridir. Bu mənada, finalda qələbə qazanmağa daha yaxındır. İki titulun ikisini də qazanmaq ehtimalı yüksək qiymətləndirilir.

- Sizcə, "Neftçi"nin durumu necə olacaq? Komandanın avrokuboklara düşməmək təhlükəsi hələ də var.... 
- Əslində, heç nə itirilməyib. İkinci və 5-ci yerdəki komandalar arasında xal fərqi çox deyil. Ona görə də, mövsümün sonuna qədər heç nə bilinməyəcək. Avrokuboklara düşməsələr, klub olaraq özlərinin qarşısına sual qoymalıdılar ki, nəyisə düz etməmişik. "Qarabağ" məsələsi aydındır, onlarla rəqabət aparmaq çətindir. Amma "Zirə", "Sabah", "Sumqayıt"la ən azından rəqabət aparmalıdırlar. Bu komandalardan geri qalacaqlarsa, sözsüz ki, bir mövsümə geridönüş edib, baxmalıdılar ki, hardasa, nəyisə səhv ediblər. "Neftçi"nin avrokuboklardan kənarda qalacaqlarına inanmıram. Amma bu baş versə, təbii ki, bu onlar üçün 2023/2024 mövsümündə istədikləri nəticəni almamış kimi qeyd edə bilərik. Lakin məncə, "Neftçi" bunun öhdəsindən gələ biləcək.

writer photo
Əlirza Əlirzalı
0