Aslan Kərimov: “Rəqibimiz Almaniya millisinin “minimaketi”dir" - MÜSAHİBƏ
23.03.2023 - 11:19
Aslan Kərimov: “Rəqibimiz Almaniya millisinin “minimaketi”dir" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi 

- Azərbaycan millisi beş oyundur ki, qalib gəlir. Hazırkı heyət gələcəyə ümid verir?
- Ümid olaraq nəyi fikirləşirik? Gələcəyi və ya nə qədər uzun müddəti düşünürük? Bu milli komanda, bu heyətlə... Hər 5-10 ildən bir milli heyəti tam dəyişdirilir. Hazırkı komanda gəncdir. Bu heyətlə Avropa və dünya çempionatlarının final mərhələlərinə çıxa bilərik? Mənim üçün müəmmalıdır. Çıxmaq mümkündür, amma Avropa çempionatının seçmə oyunundan yox. Bizim yalnız Millətlər Liqasından vəsiqə qazanmağımız mümkün ola bilər. Nə qədər də güclənsək, hələ ki, Belçika, İsveç kimi millilərlə ayaqlaşa bilmirik. Düşünmürəm ki, yaxın 5 ildə Belçika ilə eyni səviyyədə ola bilək. Ancaq inkişaf baxımından qeyd etmək lazımdır ki, bəli, əvvəlkinə nisbətən daha yaxşılaşıblar. Millətlər Liqasında bu heyətlə nəyəsə nail olmaq mümkündür. Bu, inandırıcı ola bilər.

- Mahir Emreli “Qalatasaray”la matçda zədələndiyi üçün Avstriya və İsveçlə görüşlərində oynamayacaq. Mahirin yoxluğu milliyə təsir edəcək?
- Mahirin olmaması təbii ki, təsir edəcək. Böyük mənada nəsə təsir edəcəyini düşünmürəm. Amma Mahirin də bəlli təcrübəsi var idi, yığmamızın bir üzvüdür. Sivri ucda yox, cinahların hansısa birində oynayası idi. Namik Ələsgərov və Ramil Şeydayev cinahda, Musa Qurbanlı və ya Renat Dadaşov da sivri ucda oynaya bilər. Mahirin əvəzinə oynayacaq oyunçular var. Sadəcə onun yaxşı təcrübəsi var. Millidə olsaydı, həm özü üçün, həm də komanda üçün xeyirli olardı. Amma böyük mənada təsir edəcəyini düşünmürəm. Yəni, məsələn, “biz bu oyunu udacaqdıq, Mahir olmadı deyə, uduzduq” kimi bir şey olası deyil.

- Şahruddin Məhəmmədəliyev də bu görüşlərdə olmayacaq. Digər qapıçılar onu əvəzləyə biləcək?
- Şahruddin Məhəmmədəliyevin böyük qüvvə olduğunu deməyi düşünmürəm. Çünki istər Səlahət, istər Emil, ya Yusifin özü, Şahruddini əvəz edəcək. Şahruddinin də kifayət qədər səhvlərini görmüşük. Əvəzolunmaz oyunçudur? Şəxsən öz adıma deyim, belə olduğunu düşünmürəm. Yusif gəncdir. Bəlkə bir az təcrübəsizliyi var. Amma Səlahət və Emil Şahruddini layiqincə əvəz edəcəklər. Hansının qapıda dayanacağını demək, mənim üçün çətindir. Çünki daxili çempionatda hər ikisi aşağı-yuxarı eyni səviyyədə qapıda dayanırlar. Amma millinin hazırlığı zamanı kimin psixoloji cəhətdən daha yaxşı durumda olmasını məşqçilər korpusunu bilir. Bu iki qapıçı arasında seçim etmək mənim üçün çətindir. Bunu yalnız məşqlərdə görüb demək olar ki, filankəs digərindən daha hazırdır. Yusif gənc olduğuna görə birdən-birə onu tərcih etmək tez olardı.

- Avstriya yığması Azərbaycan üçün çox təhlükəli rəqibdir?
- Əlbəttə ki, təhlükəli rəqibdir. Avropanın mərkəzində olan ölkələrdən biridir. Almaniyaya yaxın olan ölkələrdir. Maarifləndirmələrini də tanıyıram. Məşqçi heyətini də tanıyıram, bir çox hallarda onlarla görüşmüşəm. Çox savadlı dır. Avstriyaya Almaniya millisinin “minimaketi” demək mümkündür. Daxili çempionatlarındakı oyun strategiyaları, oyunçuları da buna əsas verir ki, Avstriya millisi güclü sayılsın. Yetərincə də, biz onları Avropa və dünya çempionatlarının final mərhələlərində görmüşük. Zaman-zaman o qədər güclü olmayıblar. Ancaq hazırda çox yaxşı çıxış edirlər. Bu mənada, millimiz üçün təhlükə yaradacaqlar. Bizim qrupda Estoniya yığması da var. Təbii ki, bu milli ilə müqayisə ediləsi deyil. Amma Belçika və ya İsveçlə müqayisə etsək, aşağı-yuxarı o səviyyədə olan komandalardır. Bir az geri qala bilərlər, amma çox təhlükəli, aqressiv yığmadır. Futbolçuları Avropanın müxtəlif liqalarında oynayırlar. Millinin gücü onun heyətində olan oyunçuların hansı çempionatlarda çıxış etməsinin göstəricisidir. İsveç daxili liqası bizim çempionatdan o qədər də güclü deyil. Amma yığmanın oyunçularını götürsək, Avropanın ən yaxşı liqalarında oynayırlar. Belçika çempionatında oynayan “Gent” “Qarabağ”a qalib gəlsə də, oyun baxımından çox da qabaqda deyildi. Bəlkə strategiya baxımından bizi qabaqladılar. Bəxtləri gətirdi. Ancaq milli ilə “Gent”i yaxın qoyası da deyil. Çünki Kevin De Bruynenin adını çəkmək bəsdir. Avstriya millisində də oyunçular var ki, top beşlikdə çıxış edirlər.

- Avstriya ilə ilk dəfə olan qarşılaşmada siz də meydanda idiniz. 2004 və 2005-ci ilə təsadüf edən görüşü necə xatırlayırsız? Bakıda 0:0 oynasaq da, səfərdə 0:2 uduzmuşduq...
- Həmin görüşü yaxşı xatırlayıram. Sözün düzü, o dövrlə indiki arasında böyük fərq var. Bakıda 0:0 oynamışdıq. Həmin dövr də Avstriya millisinin heyəti dəyişirdi. Yaşlı oyunçuları getdi, gənclər gəldi, yenilənmə oldu. Vyanadakı görüş də yadıma gəlir. Orada bizi əməlli-başlı üstələyib 2:0 qalib gəldilər. Hər halda, bu milli ilə onu bir yerə qoymaq düzgün deyil. Çünki həm bizim yığma, həm də Avstriya tamam başqa idi.

- Həmin vaxtkı milli ilə indikini necə müqayisə edərdin?
- İndiki millinin futbolçular oyunu öz üzərinə çox da götürmür. Bizim dövrümüzdə adlar var idi. Oyun baxımından zəif oynasaq da, məsuliyyəti öz üzərinə götürən, vuruşan, döyüşən oyunçularımızın sayı daha çox idi. Təcrübə və oyun strategiyası baxımından götürsək, indiki milli daha təcrübəli, bizdən daha güclü milli komandadır. Özüm də o dövrdə oynadığıma görə, deyə bilmərəm ki, onda daha güclü idi. Boynumuza almalıyıq ki, bugünkü milli komandamız birmənalı şəkildə o dövrdəki yığmamızdan daha güclüdür. 

- Azərbaycan millisinin Belçika, Avstriya, İsveç, Estoniya yığmalarının yer aldığı qrupdan çıxmaq şansı var?
- Nə vaxtsa, nəsə olmaq ehtimalı var. Amma fikirləşməliyik ki, bizim futbolçular hansı çempionatlarda çıxış edir, rəqibin futbolçuları hansı. Bizim və rəqib oyunçuların ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. Təcrübə də həmçinin. Biz burada yalnız Estoniyanı qabaqlayırıq. Bəlkə də, onların heyətindəki oyunçular daha çox legioner həyatı yaşayır. Amma buna baxmayaraq, biz Estoniyadan daha öndə ola bilərik. Belçika son dövrlərdə eniş yaşayır. Amma dünya reytinqində “üçlük”dədirlər. İsveç yığması da yalnız bir dəfə dünya çempionatında iştirak etməyib, hər zaman bu səviyyəli turnirdə olub. Hər zaman heyətlərində güclü liqalarında çıxış edən oyunçuları var. Mən oynadığım dövrdə Avstriya millisinin zəif periodu düşmüşdü. Ondan sonra isə final mərhələlərində güclü idilər. İndi də, ən yaxşı dövrlərini yaşayırlar. Bu üç milli müqayisə etsək, yığmamızın qrupdan çıxmaq şansımız daha azdır. Bunu gərək qəbul edək ki, Belçika, İsveç və Avstriyadan güclü deyilik. Evdə hansısa qalib də gələ bilərik. Bu, mümkündür. Ancaq bu qələbə qrupdan çıxmaq üçün bizə bəs edər? Bu, bizə yetərli olmayacaq. Məsələ real baxası olsaq, bu qrupda birinci və ikinci yeri tutası deyilik.

writer photo
Əlirza Əlirzalı
0