Avropanın gözü Frankfurtda – yığmamızın rəqibi bəlli olacaq
08.10.2022 - 14:56
Avropanın gözü Frankfurtda – yığmamızın rəqibi bəlli olacaq

Sabah AVRO-2024-cü seçmə mərhələsinin püşkü atılacaq.

Apasport.az sayının məlumatına görə, tədbir Almaniyanın Frankfurt şəhərində təşkil olunacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada qitənin 53 komandası iştirak edəcək. Almaniya meydan sahibi olduğundan birbaşa final mərhələsinə qatılacaq. Rusiya isə bütün yarışlardan kənarlaşdırıldığı üçün bu dəfə də püşkatmada olmayacaq.

Komandalar püşk ərəfəsində 7 səbətə bölünüb. Ənənəvi 6 səbətdən başqa, Millətlər Liqasının finalçılarının yer aldığı “dördlük” də var. Bu 4 komanda 1-ci səbətin komandaları kimi hesab olunur. 10 ən güclüdən 4-ü Millətlər Liqası, 6-sı 1-ci səbətə ayrılıb.

Bu, Millətlər Liqasının finalçılarının 5 komandalı qruplarda yer alması üçün atılan addımdır. Məsələ ondadır ki, həmin 4 yığma A, B, C və D qruplarına düşəcək. Bu qruplar, həmçinin E, F və G qrupunda 5 komanda mübarizə aparacaq.

Üç millinin yer aldığı 6-cı səbətin üzvləri H, İ və J qruplarına düşəcək. Bu qruplarda 6 komanda çıxış edəcək.

Azərbaycan yığması püşkatmaya 4-cü səbətdə qatılacaq. Canni de Byazinin yetirmələrinin 5 və ya 6 komandalı qrupa düşməsi yer alacağı qrupdan asılı olacaq. Millimiz Ermənistan istisna olmaqla, digər səbətlərin istənilən komandası rəqib ola bilər.

Tədbirdə Azərbaycandan AFFA-nın baş katib Sərxan Hacıyev, yığmanın baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Millətlər Liqası səbəti
Niderland
Xorvatiya
İspaniya
İtaliya

1-ci səbət
Danimarka
Portuqaliya
Belçika
Macarıstan
İsveçrə
Polşa

2-ci səbət
Fransa
Avstriya
Çexiya
İngiltərə
Uels 
İsrail
Bosniya və Herseqovina
Serbiya
Şotlandiya
Finlandiya

3-cü səbət
Ukrayna
İslandiya
Norveç
Sloveniya
İrlandiya
Albaniya
Monteneqro
Rumıniya
İsveç
Ermənistan

4-cü səbət
Gürcüstan
Yunanıstan
Türkiyə
Qazaxıstan
Lüksemburq
Azərbaycan
Kosovo
Bolqarıstan
Farer adaları
Şimali Makedoniya

5-ci səbət
Slovakiya
Şimali İrlandiya
Kipr
Belarus
Litva
Cəbəllütariq
Estoniya
Latviya
Moldova
Malta

6-cı səbət
Andorra
San-Marino
Lixtenşteyn

Komandalar 10 qrupa bölündükdən sonra yaxın müddətdə oyunların təqvimi açıqlanacaq. Lakin indidən matçların tarixləri bəllidir.

2023-cü ili əhatə edəcək seçmə mərhələ martda başlayacaq. Bu oyunlara noyabrda yekun vurulacaq.

1-ci tur – 23-25 mart
2-ci tur – 26-28 mart
3-cü tur – 16-17 iyun
4-cü tur – 19-20 iyun
5-ci tur – 07-09 sentyabr
6-cı tur – 10-12 sentyabr
7-ci tur – 12-14 oktyabr
8-ci tur – 15-17 oktyabr
9-cu tur – 16-18 noyabr
10-cu tur – 19-21 noyabr

Hər qrupda ilk iki yeri tutan komanda AVRO-2024-ün final mərhələsinə yüksələcək. Almaniya-2024-də oynayacaq digər üç komanda pley-offda bilinəcək. Bu raundun qarşılaşmaları 2024-cü ilin martında təşkil olunacaq. Ayın 21-də yarımfinal, 26-da finallar baş tutacaq.

Qeyd edək ki, AVRO-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0