Avstraliya millisinin heyətində dünən 71-ci dəqiqədə meydana daxil olan 18 yaşlı Qaranq Kuol son dəqiqələrdə məlum qol epizodundan Argentinaya qol vursaydı, hamı bu dəqiqə bu gəncdən danışırdı. Bəs bu futbolçu kimdir?
Apasport.az qısa araşdırma aparıb.
Kuol 15 sentyabr 2004-cü ildə Misirdə doğulub. Valideynləri Cənubi Sudandandır. Sudandakı ikinci vətəndaş müharibəsi (1983-2005-ci illərdə Sudanın müsəlman və xristian sakinləri arasında gedən vətəndaş müharibəsinin nəticəsi olaraq 2011-ci ildə Cənubi Sudan öz müstəqilliyini elan edib – S.M.) zamanı Misirə köçüblər və orada 1 il qalıblar. Daha sonra ailə Avstraliyaya qaçqın kimi köçüb və orada Viktoriya ştatının Şeparton şəhərində məskunlaşıb. Bu ilin sentyabrında Avstraliyanın Yeni Zelandiya ilə yoxlama oyunları zamanı ilk dəfə əsas millidə debüt edib. Onda yaşı 18 yaş 10 günlük idi.
21 yaşlı böyük qardaşı Alu Kuol da onun kimi hücumçudur və Avstraliyanın 23 yaşadək millisində çıxış edir. Qaranq sentyabrın 30-da İngiltərənin "Nyukasl" klubu ilə müqavilə bağlayıb və yanvarın 1-dən yeni komandasına qoşulacaq.
Maraqlıdır ki, onun kimi Avstraliya yığmasında Cənubi Sudandan olan digər 2 qaradərili futbolçu da var. Müdafiəçi Tomas Denq və hücumçu Aver Mabil. Hər 2 futbolçu məlum səbəbdən qonşu Keniyada doğulub.
2003-cü ildə 6 yaşı olanda Denqin ailəsi Avstraliyaya köçüb. Lakin ondan fərqli olaraq, böyük qardaşı Peter Cənubi Sudan millisini seçib.
Mabil isə 10 yaşınadək Keniyanın Kakuma şəhərindəki qaçqın düşərgəsində yaşayıb. 5 yaşında oradaca futbol oynamağa başlayıb. O bu anları belə xatırlayır: "Biz sadəcə küçəyə çıxıb topu vurmağa başlayırdıq. Başqa görəcək işimiz yox idi. Ayaqyalın oynayırdıq. Top kimi bükülmüş corabdan istifadə edirdik".
Hazırda İspaniyanın "Kadis" klubunda çıxış edən Mabil dünya çempionatının seçmə mərhələsi zamanı hoteldə qalarkən deyirdi: "Mən daxmada, lap kiçik daxmada doğulmuşam. Buradakı otağım qaçqın düşərgəsində ailəmlə birgə qaldığım həmin daxmadan çox böyükdür". Türkiyədə "Kasımpaşa"da da icarə əsasında çıxış etmiş Mabil yalnız Tunislə oyunda 6 dəqiqə meydanda ola bilib.
Səbuhi Musa