Ayxan Abbasov: "Allah qoysa, azarkeşlər məni başa düşəcəklər" - Müsahibə
17.05.2024 - 16:32
Ayxan Abbasov: "Allah qoysa, azarkeşlər məni başa düşəcəklər" - Müsahibə

"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov apasport.az-a müsahibə verib. O, Niderland səfəri barəsində danışıb.

- Niderland səfəriniz necə keçdi? Bu, çoxdan planlaşdırılmışdı?
- Səfər yaxşı keçdi. PSV, “Feyenoord”, “Utrext” kimi komandaların təlim-məşq bazalarında, akademiyalarında, əsas komandalarının düşərgəsində olduq. “Utrext”in əsas komandasının baş məşqçisi ilə görüşümüz oldu, onların iş prinsipi ilə tanış oldum. Ümumi olaraq, yaxşı görüş keçdi. Klub olaraq inkişaf etmək istəyiriksə, Avropa ölkələrində tanınmış klubların düşərgəsində olmaq bizim üçün yaxşıdır. Belə səfərlər istənilən halda əla təcrübədir. Klub rəhbərliyi də bunun fərqindədir və bu cür səfərləri həyata keçirmək üçün bizə dəstək olur. 

- Maraqlıdır ki, üç klubun düşərgəsində olmusunuz. Sizin üçün daha cəlbedici iş prinsipi hansında idi?
- İkinci dəfədir, PSV-nin düşərgəsində oluram. Bu klubun iş prinsipləri çox xoşuma gəlir. Dayanmadan çalışırlar. 9 ildən sonra yenidən bu klubun düşərgəsində onların necə inkişaf etməsini, böyüməsini, öz fəlsəfələrində qaldıqlarını görmək məni yaxşı mənada təəccübləndirdi. Məşqçilər dəyişilsə də, klub, akademiya öz fəlsəfəsini qoruyur, talantlar tapılır. Öz akademiyalarının 40 faizi artıq əsas komandaya düşür. Amma deyirlər ki, bu da onlar üçün azdır. Onlar nəticədən çox, futbolçuların yetişməsinə önəm verirlər. Bunun üçün çox fərdi yanaşmalar edirlər. “Feyenoord”da yaxşı proseslər gördük. “Utrext” də ikinci liqa üçün U-23 komandasını yaradıb. Oradan əsas komandaya körpü kimi istifadə edirlər, müasir fitness zallarını yenidən qururlar, meydançaların sayı artırılıb. Bu gün müasir nə texnologiya varsa, hər şeydən istifadə edirlər.

- Bu klublarda Azərbaycan futbolu barədə məlumatları olanlar var?
- “Qəbələ”də işləmiş koordinatorun oğlu “Feyenoord”da məşqçi kimi çalışır. Bu səfərdə bizə kömək edən “Qarabağ” akademiyasında direktor işləmiş Con Van Loen idi. Onların Azərbaycan futbolu haqda bilgisi həmişə var. Maksimum məlumatı olanlar da var, olmayanlar da. Görünür ki, Van Loen və digərləri onlara məlumat veriblər.

- Sizcə, Niderland və Azərbaycan futbolu arasında fərq nədədir?
- Bu dəqiqə onlarla bizi müqayisə etmək düzgün deyil. Amma onlar da bu yerə çatmaq üçün çox çalışıblar. Bizim ən böyük problemimiz akademiyaların meydança çatışmazlığıdır və bir də yanaşmadır. Yanaşmada da uduzuruq. Ümumən yanaşmamızı dəyişməliyik. Çox səbirsizik. Tez bir zamanda nəticə qazanmaq istəyirik. Futbolçuların keyfiyyətini artırmaq üçün çox metodlardan istifadə edirlər, akademiyalarda çox çalışırlar, məşqçilərin savadının artırılması üçün dayanmırlar. Ümumən klubların özünün fəlsəfəsi, yanaşması və prinsipi var. Heç kim bundan kənara çıxa bilməz. Ən birincisi klubun prinsipidir. Orada ən tanınmış futbolçular belə, məşqçi kimi işləməyə gəlirsə, klubun prinsipi ilə çalışırlar. Yanaşma məsələsində bizdən üstündürlər. Biz də hardansa başlamalıyıq. 10 ildən sonra gedib ora baxırıq və görürük ki, biz elə yerimizdəyik. Amma onlar dayanmırlar. 

- Niderlanddakı futbol klublarının modelini, onların tutduğu yolu “Turan Tovuz”da tətbiq etmək mümkündür? Bu realdır?
- Çalışırıq. İkinci ilimizdir və bu vaxt ərzində bizdə də fərq var. Birinci Liqadan gələn komandayıq, amma Premyer Liqanın digər klublarından geri qalmaq istəmirik. Ən böyük problemlərdən biri meydança məsələsidir. Rəhbərlik də bunu həll etmək istəyir, baza inşa etdirməyə çalışır. Niderlanddakı klubların bazaları təbiətin qoynundadır. Amma inanın, bizim bazamız onlarınkından geri qalmayacaq. Vaxt lazımdır, çətindir. Maliyyə tələb edən məsələlərdir. Biz də akademiyamızla sıx əlaqədəyik. İstəyirik ki, gələcəkdə “Turan Tovuz”un öz yetirmələri əsas komandada, millidə oynasın. Ancaq bunlar üçün vaxt lazımdır. 

- “Qarabağ”la oyun barədə nə düşünürsüz? Komanda bu oyuna siz istəyən kimi hazırlaşa bilib?
- İki oyunumuz qalıb. Futbolçularımıza bildirmişəm ki, rahat oynamalı və maksimum nəticə əldə etməliyik. Çünki bu, gələn mövsüm bizim üçün lazım olacaq. Planlı şəkildə məşqlərimiz gedib, köməkçilərim komandada idi. Artıq mən də məşqə qoşuldum. Uşaqların istəkli olduğunu gördüm. “Qarabağ” barədə nəsə demək də düz olmaz. Bilirik ki, çempiondur, güclüdür. İnanıram ki, futbolçularım yaxşı mübarizə aparacaqlar. 

- Bəzi azarkeşlər nəticələrdən narazı olduqları üçün sonuncu matçda istefa şüarları da səsləndirdi. Sizcə, bu nəyə görədir?
- Bunu bütün azarkeşlərə şamil etmək olmaz. 50-100 azarkeş başqa fikirdə ola bilər. Ancaq klubun yanında olan çox azarkeş var. “Neftçi”, “Sumqayıt” matçlarında bunu gördük. Uduzsaq da, sona qədər bizə dəstək çıxdılar. Allah qoysa, fərqli düşünən azarkeşlər də başa düşəcəklər. Tez bir zamanda nəticə istəyirlər. Ancaq reallıq var. İkinci ildir ki, Premyer Liqada mübarizə aparırıq. Çempionatın bitməsinə 5 tur qalmış avrokubok şansımız var idi. Keçən il yox idi. Bu mövsüm bu yerdə olduq. Bəlkə də, ikinci dövrədəki hakim səhvləri, zədələr olmasaydı, son tura qədər bizim də şansımız olardı. Demək ki, daha çox işləməliyik, səhvlərə yol verməməliyik ki, inkişafımız davam etsin.

writer photo
Əlirza Əlirzalı
0