"Şamaxı" Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çətin oyun olacağını bilirdik. Böyük itkilərimiz var idi. Buna baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı. Belə oyunlarda qol epiozdları az olur. Əlimizə düşən 2-3 fürsətdən yararlana bilmədik. Ruhdan düşməməli, yolumuza davam etməliyik. Çox şeylərlə mübarizə aparırıq. Son oyunlarda bizə qarşı olan hakim səhvlərindən əziyyət çəkirik. Çox istərdim ki, Hakimlər Komitəsinin sədri bugünkü epizoda şərh bildirsin. Açıq əl necə olur? Belə penaltilər çox verilib. Eyni epizoddan başqa komandalar penaltilər vurub. Desinlər ki, bu oyunda sizin şansınız yoxdur. Bəlkə də biz qaydaları bilmirik.
- Hakimlərin səviyyəsi budur, yoxsa sizə qarşı qərəz var?
- Heç kimi ittiham etmək istəmirəm. Keçən oyunda bizə lazımsız sarı vərəqələr verildi. Həmin matçda Mert Çelik Belajdi Pusini döyürdü. Amma heç bir vərəqə verilmədi. Qərəz billmirəm. Amma görünən odur ki, 3-4 oyundur bizə qarşı səhvlər olur. Mənim bildiyim odur ki, bugünkü epiozd penaltidir. "Turan Tovu"la matçda qapımıza verilən 11 metrlik cərizə zərbəsi ilə bunu müqayisə edin. Yəqin ki, büdcəyə, iddiaya baxırlar. Uşaqların haqqına girirlər.
- Bu gün 5 itkiniz var idi. Heyətiniz yetərlidir?
- Mövsümün əvvəlində iddiamızı demişik. Hədəfimiz Premyer Liqada qalmaqdır. Heyətdən gileylənmirik. Bunları gözləyirdik. Büdcəmizə uyğun heyət qurmuşuq. Əlbəttə yetərli deyil. Hər məşçqçi heyətinin geniş olmasını istəyər. Möhkəm olmaq lazımdır.