Ayxan Abbasov: “İnanmıram ki, kimsə “Qarabağ”dan qorxsun” - MÜSAHİBƏ
20.10.2022 - 21:01
Ayxan Abbasov: “İnanmıram ki, kimsə “Qarabağ”dan qorxsun” - MÜSAHİBƏ

“Qarabağ"la səfərdə oynamaq çox çətindir".

Apasport.az saytının məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XI turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Bölgə klubunun çalışdırıcısı “Azersun Arena”dakı qarşılaşmanın ardından qatıldığı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularım sona qədər vuruşdular. Belə oyunlar inkişafımız üçün lazımdır. Bir çox gənc oyunçularımız 90 dəqiqəni yaşamalıdırlar. Qarşıda çətin oyunlar gəlir. Bəzi mövqelərdə çətinliklər var. Qışa qədər dözmək lazımdır".

- Ben Aziz Dao hazır deyildi?
- Aziz zədədən yeni dönüb. Ehtiramın zədələnməsi, cinahda oynatmağa başqa oyunçunun olmaması bizi onu meydana buraxmağa vadar etdi. “Qarabağ”da keyfiyyətli oyunçular var.

- Yaxşı qurtardıq deyən anınız oldu?
- Futbolda belə hallar olur. “Qarabağ”ın indi Avropada qarşısına çıxan yoxdur. Futbolçularımız belə oyunlarda inkişaf edəcək.

- Oyuna aqressiv başlamağın səhv addım olduğunu düşünmürsünüz?
- Oyundan sonra verdiyimiz qərarın səhv olduğunu düşünmürük. Erkən qol epizodunda fərdi səhv oldu. Orta sahədə top itirmək olmaz. Turanın ehtiyatsız yanlış ötürməsi Ovusunu qapıçı ilə üzbəüz qoydu. Bilirik ki, “Qarabağ” öz meydanında ilk dəqiqələrdən pressinq edir. Təəssüf ki, erkən qol buraxdıq. Futbolçuları komandaya dəvət edəndə də bizi hansı çətinliklərin gözlədiyini bilirdik. İnanıram ki, bu oyunlar bizə dərs olacaq.

- Tərlan Quliyevin oynamamasının səbəbi nədir?
- Sualı Tərlanın dostu, qardaşı kimi verdiniz. Komandamızda hər kəs oynaya bilər. Tərlan inandığımız oyunçudur. Səhv eləmirəmsə, 8 tur meydanda olub. Biz oyunları tam təhlil edib qərar veririk. Tərlan da gələcəkdə oynayacaq. Hansısa futbolçunun oynamamasına izahat verməli deyilik.

- Bu oyunda qazancınız nə oldu?
- İtirəcəyimiz bir şey də yoxdur. Komanda qurmaq istəyirik. “Turan Tovuz”dan hansısa böyük gözləntilər varsa, yanlış olar. Bölgə klubunu çempionata uyğunlaşdırmağa, belə rəqiblərlə mübarizə aparmağa vaxt lazımdır. Bölgələrdə futbol baxımından tələsirik ki, nə qazanırıq. Bəzi oyunçularımız öz klublarında oynamırdılar, onları qazanmışıq. Təhlil edəndə çox şeylər qazanırıq.

- Bütün komandalarla oynamısınız. “Qarabağ”ı hansısa klub dayandıra bilər?
- “Qarabağ” bu heyətlə çempionatımızda ikinci oyununa çıxır. Bu komandanın gücü bəllidir. “Qarabağ”ın iki güclü heyəti var. Onların ehtiyatda olan futbolçuları digər komandalarda çempionluğa oynayar. “Qarabağ” son illərin ən güclü oyununu göstərir və ən yaxşı heyətinə malikdir. Digər iddialılar da var. Amma onların “Qarabağ”la nə dərəcədə yarışacaqlarını zaman göstərəcək.

- “Turan Tovuz”un kubok yolunu necə görürsünüz?
- Püşkatmaya baxanda normal zonadayıq. Digər komandalar kimi, biz də maksimum çalışacağıq. Bilirik ki, “Şamaxı” evdə çox yaxşı oynayır.

- Azərbaycanda çalışan digər məşqçilərin “Qarabağ”ı udmaq üçün nələri çatmır?
- Bu böyük mövzudur. Qısaca onu deyərdim ki, reallıq var. Çıxıb deyim ki, “Qarabağ”ı udmağa gəlmişəm. Bu da reallıq deyil. Əlbəttə ki, komandanı motivasiya edirik. Heç bir məşqçi matçdan əvvəl deyə bilməz ki, “Qarabağ” güclüdür, uduzacağıq. Dünyada böyük komandalara qarşı çıxış edən məşqçilər də onları favorit görür. İnanmıram ki, kimsə “Qarabağ”dan qorxsun. Sadəcə, onlarla mübarizə aparmaq çətindir.

- Ehtiram Şahverdiyevin durumu necədir?
- Ehtiramın arxa əzələsində gərginlik oldu. Yəqin ki, MRT-dən sonra bilinəcək. Zədələr digər komandalarda da baş verir. Süni meydançalar amili də var. Çempionatımız çətindir. Heç kim zədədən sığortalanmayıb.

- Runi Eva hücumda ağır təsir bağışlayır. Artıq çəkisi var, yoxsa fiziki göstəriciləri aşağıdır?
- Runinin aktivində 5 qol var. Digər komandalarda hücumçular göstərərəm ki, Runinin qazandığının üç qatını alır, bir qolu da yoxdur.

writer photo
Əlirza Əlirzalı
0