Azər Bağırov: "Bu cür hakimlik haqda necə danışmayasan?"
31.03.2024 - 21:43
Azər Bağırov: "Bu cür hakimlik haqda necə danışmayasan?"

"Oyun barədə çox danışmaq istəmirəm. Çünki əsəbiyəm. Hakimlər sağolsun".

Apasport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 28-ci turunun "Sumqayıt"la görüşündən sonrakı mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Penalti epizoduna fasilədə baxdınız? Hər zaman sakit görməyə alışdığımız Azər Bağırov bu dəfə özünü cilovlaya bilmədi...

- Hakimlər haqda danışmaqdan yoruldum. Amma onlar dəlləkliyi bizim üzərimizdə öyrənməkdən yorulmadı. Penaltidən savayı Miço Kuzmanoviçin də bir epizodu oldu. Ağzı qanayırdı. Qardaş, ya hakimlik etmə, ya da biz işimizi bilək də. Futbolçunun ağzından qan gəlir, özü-özünü etmədi axı. Belə şeyləri başa düşmürəm. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik haqda necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da, deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla. "Qəbələ" ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, sağolsun. 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim. Çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki mənim futbolçum səhv edib. Üç nəfərlə üç nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan? Barış Şimşek də gəlib öyrədir, danışır futboldan. Sağolsunlar. 

- Miço Kuzmanoviçi mövsümün əvvəli ilə müqayisədə indi o qədər effektiv görünmür. Problem nədir? Liderliyi üzərinə götürə bilmir...

- Əslində, Miço lider deyildi.Sadəcə komandaya yeniq qoşulmuşdu, üstün cəhətləri var. 5-6 turdan sonra rəqiblər də bizi analiz edir, Miçonun üstünlüklərini görürlər. Futbolçu öz üzərində işləyib, daha da artırmalıdır. "Qəbəə" ilə oyunda 2 səhvlə yadda qaldı.Belə baxanda, bu gün onu oynatmamalıydıq. Lakin bir futbolçuya ürək-dirək verəkdən ötrü onu meydana buraxdıq. Deyim ki, özünü doğrutlmadı, xeyr. Sadəcə istəyimizi qarşılamadı. 

- Belə söhbətlər var ki, klublar "Araz-Naxçıvan"ı yüksək qiymətləndirmirdi deyə, yuxarı pillələrdə qərarlaşmışdınız. Daha sonra ciddiyə aldılar və komanda öz yerini tutdu. Bu fikirlərlə razısız?

- Mən əsla belə fikirləşmirəm. Sadəcə qışdan bu yana güclənə bilmədik. Gətirdiklərimiz də, cavan, yerlilər oldu. Hücum xəttinə rəngarənglik qatmaq istəyirdik, edə bilmədik. "Neftçi", "Səbail", "Turan Tovuz"a qarşı yaxşı oyunlarımız olub. Eniş yoxdur. Sadəcə, sanki xof yaranıb ki, "Araz-Naxçıvan"ı yuxarıda görmək istəmirlər. "Turan Tovuz"la görüşdə bizə ikinci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar. Komandamızda eniş yoxdur. Ola bilər ki, elə oyunlar var, gözləntilərə cavab vermirik. Bu, mənim üçün normaldır. Bu gün bizdəki yerli futbolçuların heç biri keçən il stabil oynamayıb. Yerli futbolçu baxımından kasadçılığımız var. Dəyişikliklərdən sonra oyunu gücləndirə bilmirik. 

- Dediz ki, "Araz-Naxçıvan"ın yuxarı pillələrdə olmasını istəmirlər. "Sumqayıt"la matçdakı hakim qərarı da planlaşdırılmış bir şey idi?

- Mən də sizə sual verim. Futbolçunun ağzından qan gəlir, hakim heç vecinə də almırsa, nə fikirləşir? Penalti epizoduna 10 dəfə baxaq, mən orada penalti görmədim. Mən özüm-özümdən şübhələnirəm ki, bəlkə biz futbol görməmişik, oynamamışıq. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Mən demirəm ki, zəif hakimlikdi, ya deyil. Sadəcə deyirəm ki, bu gün meydandakı səhvlər komandama qarşıdır. Adamın bildiyi budur, mən nə edə bilərəm?

- Hakimlər Komitəsinə rəsmi şikayət etməyi planlaşdırırsız?

- Məncə, səhvlər hələ davam edəcək. Biz buna öyrəşməli, bununla da bərkiməliyik. Bir hakim 22-ci turda bizim oyunda, 23-cü turda VAR-da, 25-ci turda meydanda, 26-cı turdakı matçımızda isə VAR-dadır. Onu göndərənlər fikirləşsin. Türkiyədə klubun prezidenti meydançaya çıxıb, hakimi vurdu. Görün klubun prezidentini hansı hala salıblar ki, ağıllı başlı insan belə edib...

- Hər halda, klub prezidentinə heç cürə haqq qazandırmaq olmaz...

- Xeyr, haqq qazandırmıram. İnsan hansı hala gəlib ki, meydançaya düşüb. Biz də insanıq. Bizim də emosiyalarımız var. Hakimlərə heç nə deməmişəm. Amma bir hakim 5 turdan 4-də bizim oyunda olur. Eyni səhvlər, eyni qaydada. Əgər futbolçunun ağzından qan gəlirsə, ona zərbə vurmayıblar? Heç nə vermədi, arxasınca başqa epizod. Futbolçular da bu emosiyalarla oynaya bilməz. Onlar da başa düşür ki, buradan çıxış yoxdur. 

- "Araz-Naxçıvan"ın qol epizodları da olmadı axı...

- Elvis Maşikenin epizodu oldu. Neçə epizodda isə hakim imkan vermədi ki, hücuma davam edək. O vaxtı hakimlər var idi ki, mərkəzi keçməyə qoymurdu. Elə yerdə qayda pozuntusu verirdi ki, hücum edə bilməyəsən. Bu gün hakimlik o səviyyədədir. Hakimlər görmüşük, deyiblər ki, burada çıxa bilməyəcəksiz.

- Hakim qərəzi yuxarıdan qaynaqlanır, yoxsa hakimin savadsızlığından?

- Bu gün nəsə desəm, nəfsimə uyğun danışaram. Ona sizlər cavab versəz, yaxşı olar. Sizlər daha yaxı bilirsiz, görüsüz vəziyyəti. 

writer photo
Əlirza Əlirzalı
0