Azərbaycan Atletika Federasiyasının 1 illik HESABATI
01.04.2024 - 19:39
Azərbaycan Atletika Federasiyasının 1 illik HESABATI

Azərbaycan Atletika Federasiyası ötən ilin hesabatını təqdim edib.

Apasport.az xəbər verir ki, hesabatda federasiyanın yeni rəhbərlik dövründə gördüyü işlər barədə məlumat verilib.

Azərbaycanda atletikanın inkişafı istiqamətində atılan addımlar, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov Azərbaycan səfəri qeyd olunub: "Bu gün Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin dövlət başçısı, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyev tərəfindən uğurlu davamı və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük qayğısı nəticəsində Azərbaycan dünya miqyasında əsl idman ölkəsinə çevrilib. Azərbaycan Atletika Federasiyası da faəliyyəti ilə ölkəmizdə idmanın tərəqqisinə öz töhfəsini verməkdədir. Hazırda ölkəmizdə respublika və beynəlxalq miqyaslı atletika yarışları uğurla təşkil olunur, idmançılarımızın mötəbər yarışlara hazırlığı üçün yüksək şərait yaradılır, eyni zamanda yeni istedadların kəşf olunması və atletikanın kütləviliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Son dövrlər idmançılarımızın müxtəlif beynəlxalq yarışlardakı nəticələrində yüksəliş hiss olunur. Bu sırada Anna Skidanın ötən il Budapeştə keçirilən dünya çempionatındakı çıxışı xüsusi ilə qeyd edilməlidir. Çəkicatma yarışındakı təmsilçimiz medala çox yaxın olsa da, yekunda 4-cü yeri tutaraq Paris Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Ötən il ərzində AAF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub. Bu sırada Bakı, Gəncə, İsmayıllıda kütləvi qaçış yarışları, 100 km məsafəyə ultramarafon və digər tədbirləri qeyd etmək olar. Bu il fevralın 29-dan martın 4-dək davam edən Xankəndi – Bakı ultramarafonu isə tarixi əhəmiyyətə malik idi. "Qürurla irəli" şüarı altında keçirilən yarışda yerli atletlərlə yanaşı, xarici idmançılar da ümumilikdə 380 km-lik məsafəni qət etdilər. Bu gün AAF ali atletika qurumları tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. İl ərzində federasiya prezidenti Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Atletikası, Avropa Atletikası və Balkan Atletikasının Hesabat-Seçki Konfransı da daxil olmaqla müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib. Hazırda atletikanın coğrafiyasının genişləndirilməsi və gələcək uğurların təməlinin qoyulması istiqamətində mühüm işlər aparılır. Ötən ilin noyabr ayında Əmircan qəsəbəsində atletikanın atma növləri üzrə məşq bazası tikilərək idmançıların ixtiyarına verilib. Bu qurğuda idmançıların istifadəsi üçün çəkic atma, nizə atma, lövhə atma, nüvə itələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur. Bundan əlavə, federasiyanın müasir tələblərə uyğun olan yeni ofisi istifadəyə verilib. Açılış mərasimində Azərbaycan atletikasının 100 illik yubileyi münasibəti ilə ölkəmizə səfər edən Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov və digər fəxri qonaqlar iştirak ediblər. Federasiya nümayəndələri istedadlı uşaqların müəyyən edilməsi layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrinə səfər edərək 1000-ə yaxın şagirdi nəzərdən keçiriblər. Seçilən məktəblilər nəzarətə götürülüb və onların inkişafının təmin olunması üçün lazımi tədbirlər həyata keçirilir. İnanırıq ki, aparılan işlər öz nəticəsini tezliklə verəcək və atletlərimiz xalqımızı yeni qələbələrlə sevindirəcəklər!"

writer photo
Əlirza Əlirzalı
0