Azərbaycan milliləri dünya çempionatına hazırdır
08.11.2022 - 16:00
Azərbaycan milliləri dünya çempionatına hazırdır

Taekvondo üzrə Azərbaycan milli komandaları dünya çempionatına hazırlığı başa vurub.

Apasport.az saytı xəbər verir ki, beynəlxalq turnirlərdə iştirak və ölkə xaricində baş tutan təlim-məşq toplanışlarının finişi Bakıda Taekvondo Federasiyasının idman zalında yekunlaşıb.

Komanda artıq mundial üçün səfər hazırlığına başlayıb. Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov millinin yaxşı formada olduğunu vurğulayıb. Onun sözlərinə görə, dünya çempionatı üçün Meksikanın Qvadalaxara şəhərinə yollanacaq taekvondoçuların tək bu yarışda deyil, qarşıda daha bir neçə mundialda və Olimpiadada Azərbaycana medallar qazandırmaq potensialı var: “Komandamız əsasən gənclərdən formalaşıb. Bu da gələn il Bakıda, ardınca Paris-2024-də uğurlu çıxışa hesablanıb. Məqsədimiz iştirak edəcəyimiz hər bir yarışda Azərbaycan adını yüksəklərə qaldırmaqdır”.

Qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov liderlərdən Fəridə Əzizovanın zədə səbəbindən mundiala yollana bilməməsinə təəssüflənsə də, digər iki idmançıya böyük ümidlər bəslədiyini vurğulayıb. O bildirib ki, əsas hədəf maksimum gücü ortaya qoymaqdır: “Dünya çempionatına yollanan idmançılarımızın uğurlu çıxışına inanıram. Bacardıqlarımızın ən yaxşısına nail olmaq üçün Meksikaya yollanırıq”. 

Qeyd edək ki, mundialda ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq. Dünya çempionatında kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), qadınların yarışında Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya sabah yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.

writer photo
Əlirza Əlirzalı
0