Azərbaycanda bir kəllənin qiyməti - 3200 manat
20.10.2022 - 12:44
Azərbaycanda bir kəllənin qiyməti - 3200 manat

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının X turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.

“Qəbələ” ilə oyunda “Şamaxı”nın futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən klub 3000 manat cərimə olunub.

“Sabah” – “Zirə” görüşündə qonaqların futbolçusu Çoşqun Diniyev qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat ziyana düşüb. Coşqun meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün daha 1 oyun diskvalifikasiya edilib və klubunu 2400 manat ziyana salıb. Stadiondakı əmlaka dəymiş zərər “Zirə” tərəfindən stadion sahibinə kompensasiya kimi ödəniləcək. Bu qarşılaşma bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə “Sabah” 1600 manat məbləğində cərimələnib. Qonaq komandanın azarkeşləri tərəfindən nalayiq və təhqiredici sözlərdən istifadə olunduğuna görə qəsəbə təmsilçisi 4000 manat ziyana düşüb.

“Kəpəz” – “Neftçi” oyununda yanğınsöndürən maşının gecikməsinə görə Gəncə 400 manat cərimə olunub. Əvəzetmə tablosunun işləməməsi “Kəpəz”i 800 manat ziyana salıb. Meydan sahiblərinin futbolçusu Zamiq Əliyev təcavüzkar davranaraq rəqibə kəllə vurduğu üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat ödəyəcək.

“Turan Tovuz” – “Səbail” oyununda qeyri-adi qayda pozuntusu yaşanıb. Qonaqların fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə “Səbail”i 800 manat ziyana salıb.

writer photo
Əlirza Əlirzalı
0