Baqa çətinə qaçır: Belarus millisinin futbolçusunu istəyir
18.06.2022 - 11:21
Baqa çətinə qaçır: Belarus millisinin futbolçusunu istəyir

Yay fasiləsində nəzərəçarpacaq dərəcədə ciddi itkilərlə üzləşən “Sumqayıt”, nəhayət ki, transfer çalışmalarına başlayıb.

Apasport.az saytının məlumatına görə, bu yaydan əcnəbi futbolçu transferinə icazə verilən “gənclik şəhəri” təmsilçisinin maraq dairəsinə düşən oyunçulardan biri müəyyənləşib.

Bu, Qazaxıstan klubu “Astana”da çıxış edən yarımmüdafiəçi Maks Ebonqdur. “Kimyaçılar”ın belaruslu baş məşqçisi Aleksey Baqa bu ölkənin milli komandasına çağırılan 23 yaşlı orta sahə oyunçusunun xidmətində maraqlıdır. O, Anatoli Nuriyev və Rəhim Sadıxovun gedişindən sonra yarımmüdafiədə yaranan boşluğun Ebonqla doldurulacağına inanır.

Ancaq əslən Kamerundan olan gənc futbolçunun keçidi heç də asan görünmür. Birincisi ona görə ki, Maksın “Astana” ilə gələn ilin sonuna qədər müqaviləsi var. İkincisi isə Qazaxıstanda Premyer Liqanın davam etməsidir. “Astana” yarımmüdafiəçisini yola salmaq üçün yeni transfer etməlidir. Həmçinin qazaxıstanlılar bu transferdən gəlir götürmək niyyətindədir.

Bütün bu amillər Baqanın istəyinin baş tutma ehtimalını azaldır. Ancaq yenə də “Sumqayıt” rəhbərliyi danışıq aparmağa cəhd göstərəcək.

Qeyd edək ki, hələ də transferdə siftə etməyən “Sumqayıt” Tellur Mütəllimov, Anatoli Nuriyev, Tərlan Əhmədli və Eltun Turabovla yollarını ayırıb.

writer photo
Əlirza Əlirzalı
0