“Qazaxıstanla oyunu çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaxaladıq. Müdafiədə də etibarlı idik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə Millətlər Liqasının II turunda Belarusla keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
25 yaşlı futbolçu qarşılaşmaya hazır olduqlarını söyləyib: “Belarusu təhlil eləmişik. Kifayət qədər kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Qazaxıstanla matçda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər düşdü və səhvlərdən qollar buraxdıq. Belarus da Qazaxıstan kimi, 5 müdafiəçi ilə oynayır. Belarus Qazaxıstandan daha kompakt oynayır. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq”.
O, Qazaxıstana məğlubiyyətin komandaya pis təsir elədiyini buldirib: “Ölkəmiz uğrunda mübarizə aparırq. Heç kim uduzmaq istəməz. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbycan xalqını sevindirək”.