"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" son turda "Şamaxı"ya 1:0 qalib gəldi. Həmin görüşü necə şərh edərdin? Çətin alındı, yoxsa gözlədiyinizdən asan oldu?
- Qarşılaşmanın çətin olacağını hamımız yaxşı anlayırdıq. Oyuna mümkün qədər yaxşı hazırlaşmağa çalışmışdıq. Məncə, bunu edə bildik. "Şamaxı"ya qarşı görüş çətin alındı. Amma oyunumuz yaxşı alınmasa da, şükür Allaha çətin səfərdə qələbə qazana bildik.
- "Şamaxı"ya hər iki matçda da qalib gəldiniz. Maraqlıdır ki, bu rəqibə qarşı çox komanda əziyyət çəkir, amma siz hər iki görüşdə də qalib gəlmisiniz. Demək olar ki, sizin üçün uyğun rəqibdir?
- Xeyr, onlara qarşı matçımız çox çətin keçdi. Hər iki matçda məğlub da ola bilərdik. Sadəcə bəlkə də, çox istədik qalibiyyəti, ona görə də qazanmağı bacardıq. "Şamaxı"ya qarşı görüşlərin asan olmadığı dəqiq idi.
- "Araz-Naxçıvan" hazırda üçüncü pillədədir. Ümumiyyətlə, mövsümün əvvəlində heç ehtimal edirdin ki, komanda bu cür uğurlu çıxış edəcək?
- Bilirsiz, mövsümün əvvəlində yaxşı nəticələr üçün hazırlaşırdıq. Bütün kollektiv olaraq buan köklənmişdiq. Hələ ki, uğurlu nəticə barədə danışmaq tezdir. Mövsümün sonuna hələ çox var. Biz sadəcə hər oyunda ən yaxşısı üçün çalışırıq. Şadam ki, uğurlu çıxış etmək alınır. Davamını gətirmək istəyirik.
- "Şamaxı" - "Araz-Naxçıvan" görüşündə son dəqiqələrdə penalti epizodu var idi ki, çox müzakirə edildi. Deyəsən, top İqor Ribeyronun əlinə dəymişdi. Həmin epizodu necə şərh edərdin?
- Həmin epizodu yaxından görə bilmədim. Belə epizodlara şərh vermək istəmirəm.
- Növbəti turdakı rəqibiniz "Zirə"dir. Həmin görüşdə qələbə qazanmaq şanslarınız nə qədərdir?
- Artıq "Zirə" ilə oyunun hazırlıqlarına start vermişik. "Zirə"nin çox güclü olduğunu yaxşı anlayırıq. Biz hər oyuna qələbə üçün çıxırıq. Nə qədər çətin olsa belə, "Zirə" ilə görüşdə qələbə qazanmağa çalışacağıq. Sona qədər vuruşacağıq. Ümidvaram ki, istədiyimizi əldə edərik.
- "Araz-Naxçıvan" uğurlu çıxış etsə də, səni milliyə dəvət etmədilər. Bunu nə ilə əlaqələndirirsən? Millidən dəvət gözləyirdin?
- Bəli, Azərbaycan millisindən dəvət gözləyirdim. Çağırılmamağımın səbəbini isə bilmirəm. Hər halda, hər məşqçi fərqli düşünür. Bu milli komandadır. Nə vaxt dəvət edilsəm, gedib canını qoymalısan, oynamalısan, zəhmət çəkməlisən. Mən hər zaman səbrlə şansımı gözləyirəm. Miliyə nə vaxt dəvət etsələr, ən yaxşısı üçün çalışacam.