Bilgəh qəsəbəsində "BEN CÜDO" idman klubunun yeni cüdo zalının açılış mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, açılış mərasimində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova, Olimpiya Çempionu Lüdmila Şubina, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov, Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov, ACF-in baş katibi Rəşad Rəsullu və digər ictimaiyyət nümayəndələri, tanınmış idmançılar və yerli sakinlər iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar cüdo zalında yaradılan şəraitlə tanış olublar. "BEN CÜDO" idman klubunun rəhbəri Etibar Bağırov tərəfindən qeyd edildi ki, yeniyetmə və gənclər arasında cüdo idman növünün təbliği, həmçinin bu idman növünə marağın daha da artırılması və inkişaf etdirilməsi məqsədilə yaradılan klub müasir avadanlıqlarla təchiz edilib və burada cüdo idman növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Çıxış edən qonaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı idman siyasəti nəticəsində Azərbaycanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, bu cür idman klublarının fəaliyyəti yeniyetmələrə və gənclərə sağlam həyat tərzinin aşılanması və onların asudə vaxtlarını səmərəli keçirməsi üçün vacib əhəmiyyət kəsb edir.
Yeni istifadəyə verilən cüdo zalının ümumi sahəsi 200 m2 təşkil edir.