“Qarabağ”ın keçmiş futbolçusu Boyan İliçin apasport.az saytına müsahibəsi
- "Qarabağ" Avropa Liqasının 3-cü turunda səfərdə "Bayer"ə 1:5 hesabı ilə uduzdu. Bu haqda fikrin necədir?
- Oyuna baxdım. Təbii ki, "Qarabağ"ın uğurlu nəticəsinə inanmaqla yanaşı, oyunun çətin olacağını da bilirdim. "Bayer" hazırda Almaniyada ən güclü komandadır. Bundesliqada da liderdir.
- Səncə, "Qarabağ"ın Leverkuzendəki məğlubiyyətinə əsas səbəb nə idi?
- "Bayer" çox yaxşı oynadı. Məncə, onlar "Qarabağ"la matçda bu mövsüm ən yaxşı oyununu oynadılar. Oyunları uğurlu alındı. Amma futboldur da, bəzən belə də olur.
- Almaniyada uğurlu nəticə qazanmaq heç cür mümkün deyildi?
- Bilirsiz, hətta ən güclü komandalar belə, bu cür oyunda "Bayer"in öhdəsindən gələ bilməzdi. Onlar bu mövsüm həqiqətən çox yaxşı durumdadır. Həmin görüşdə isə inanılmaz yaxşı oynadılar.
- "Qarabağ"ın böyük hesabla məğlub olması onlara növbəti oyunlar öncəsi mənfi təsir etməyəcək?
- Xeyr, belə olacağına inanmıram. Qurban Qurbanov çox yaxşı psixoloqdur. O, öz komandasını tez bir zamanda növbəti oyuna hazırlayacaq. Hər halda, qarşıdakı görüşlərdə belə olduğunu görəcəyik. Qarşıda oyunlar çoxdur, Leverkuzendəki görüş artıq geridə qaldı.
- Bakıda "Bayer"i məğlub etmək mümkündür?
- Təbii ki, "Qarabağ"ın Bakıda "Bayer"lə matçda uğurlu nəticə qazanmaq şansı var. Almaniyadakı məğlubiyyətə baxmayaraq, məncə, Bakıda tamam fərqli oyun olacaq. "Qarabağ"a çox inanıram. Onların özünəməxsus oyunu var.
- "Qarabağ"ın qrupdan çıxacağına inanırsan?
- Əlbəttə ki, inanıram. Məncə, "Qarabağ" son məğlubiyyətə baxmayaraq, yenə də qrupdan çıxacaq. Buna heç şübhə də etmirəm. Onlar qrupdan çıxacaq gücdədir. Bu mövsümkü matçlarda gücünü göstəriblər.