"Qarabağ"ın sabiq baş məşqçisi Böyükağa Ağayevin apasport.az saytına müsahibəsi
- "Qarabağ"ın "Gent"lə oyunu barədə nə düşünürdünüz? İnanırdınız ki, təmsilçimiz qalib gələcək?
- Fikirləşirdim ki, çox çətin oyun olacaq. Şadam ki, biz "Gent"i məğlub edə bildik. Çünki "Qarabağ" onsuz da rəqibindən üstün oynayırdı. Amma penaltidən istifadə etsəydik, 2:0 qalib gəlsəydik, daha yaxşı olardı. Hər halda, indiki reqlamentə görə heç vurulan qolların da mənası qalmayıb. Əsas Belçikada yaxşı oynamaqdır. Ciddi hazırlaşmaq lazımdır ki, səfərdə istədikləri nəticəni qazansınlar.
- Sizcə, Bakıdakı 1:0 hesabı "Qarabağ"a mərhələni keçməyə kömək olacaq?
- Səfərdə heç-heçə olsa, "Qarabağ"ı qane edir. Yəni orada bərabər qalsalar da, yaxşıdır. Əsas odur ki, mərhələni keçək. Nəsə demək çətindir. Belçikada "biz Bakıda 1:0 qalib gəlmişik, gərək hesabı qoruyaq" fikri çətin olacaq. Amma məncə, onlar bu barədə düşünməyəcək. Komandada elə ruh olmalıdır ki, Belçikaya qələbə ardınca getsinlər. Fikrimcə, belə də olacaq. Əgər bu fikirlər getsələr, "Gent"i səfərdə də məğlub edəcəklər.
- Hətta Kadi Borges, Ovusu Kvabena getmişdi, Şahruddin Məhəmmədəliyev zədəli, Kevin Medina da cəzalı idi...
- Riçard Almeyda da çox oynamadı. Doğrudur, sonradan meydana daxil oldu. Amma son vaxtlarda yaşına baxmayaraq, o, çox yaxşı performans nümayiş etdirirdi. Həm millidə, həm də "Qarabağ"da çox yaxşı oynayır. Hər halda, bu, məşqçilər korpusunun seçimidir. Siz dediklərinizi nəzərə alsaq, məncə, bunlar "Qarabağ" üçün böyük itki idi. Amma görürsüz də, "Qarabağ"da heyətdə elə futbolçular var idi ki, komandada olmayanlar nəticəyə təsir etmədi. İstənilən halda, "Qarabağ" lazımı nəticəni qazandı. Çünki onlarda sistem var, yaxşı oyun fəlsəfəsi var. İndi əsas məsələ səfərdə necə oynamaqdır. Belçikada hər şey sıfırdan başlayacaq.
- Son oyunlarda qapıda Amin Ramazanov olsa da, "Gent"lə matçda Luka Quqeşaşviliyə etibar edildi. Bu qərar sizin üçün gözlənilməz olmadı ki?
- Mən fikirləşirdim ki, qapıda elə Luka Quqeşaşvili olacaq. Çünki gürcünün təcrübəsi var. Fikrimcə, məşqçilər korpusu qapını Lukaya etibar etməklə, doğru qərar verdilər. Amini dünənki matçda meydana buraxmaq, onu "sındırmaq" olardı. Çünki həyəcanlı olacaqdı. Səhv etsəydi, Amin üçün əsl "travma"ya çevrilərdi. Ona görə də, doğru qərar verdilər.
- Belçikadakı oyunla bağlı proqnozunuz necədir?
- "Qarabağ"a inanıram. Komandanın təcrübəsi var və necə nəticə lazım olduğunu yaxşı bilirlər. Bundan qabaq da "Qarabağ" çətin oyunlardan üzüağ çıxıb. Ona görə də, inanmaq və düşünmək olar ki, "Qarabağ" Belçikada da istədiyi nəticəni qazanacaq. Bunun üçün gücləri və gözəl oyunları da var. Mən "Qarabağ"ın mərhələ keçəcəyinə inanıram.