Bu gün futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:15-də start götürəcək. Vitali Borisovun rəhbərlik etdiyi yığma üçüncü səbətdə yer alacaq.
40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara ev sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli komanda Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək təşkil olunacaq.