Canni de Byazi: “Eynək taxdım ki, bəlkə millimizə düşər”
05.06.2022 - 16:14
Canni de Byazi: “Eynək taxdım ki, bəlkə millimizə düşər”

“Belarusla oyuna tam hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Amma yenə də qələbə qazanmağa çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

Yığmamız Millətlər Liqasının C liqasının III qrupu çərçivəsində sabah Belarusun qonağı olacaq.

Serbiyanın Novi-Sad şəhərində baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransına qatılan italiyalı mütəxəssis iki gün əvvəl Qazaxıstana məğlub olan (0:2) komandasının II tura hazırlığını dəyərləndirib. O, Qazaxıstana yenilgini hücumdakı “dişsiz”liklə əlaqələndirib: “Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar elədik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilmərsən. Təəssüf ki, biz də məğlub olduq. Buraxdığımız qolları təhlil elədik. Yenə kiçik səhvlərə yol verdik ki, bu da məğlubiyyətə gətirib çıxardı. Rəqibin cəmi 2 zərbəsi oldu, hər iki halda top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.

Çalışdırıcı Belarusun standart vəziyyətlərdən təhlükəli olduğunu vurğulayıb: “Belarusu Slovakiya ilə oyunlarından əvvəl təhlil eləmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. 5-4-1 taktikası ilə çıxış edirlər. Çox fantaziyası olmayan komandarır. Təxminən bizimlə eyni səviyyədədirlər. Boyları uzundur, standart vəziyyətdən təhlükəli ola bilərlər. Amma onların oynamağı bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Amma ikinci hissədə kuryoz qoldan sona matça düzgün reaksiya vermədik, oyun dəyişdi. Bu baxımdan daha xarakterli olmalıyıq. Əminəm ki, komandamızın yaxşı keyfiyyətləri var. Ən əsası bunu meydanda faktlarla göstərməliyik”.

O, sabahkı matçın “11-liy”ini hələ müəyyənləşdirmədiyini deyib: “Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Axşam bəzi şeyləri yoxlayacağıq. Uzun yol qət etmişik. Bunu da nəzərə almaq lazımdır. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Təbii ki, dəyişikliklər olacaq. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından maksimum yararlanaq”.

De Byazi ötən il qarşılaşdıqları Belarusla indiki komandanı müqayisə edib: “Ötənilki heyətdən cəmi 4 nəfər hazırda Belarus yığmasındadır. 4-4-2 sxemindən yararlanmışdılar. Təbii ki, eyni komanda deyil, dəyişikliklər olub”.

İtaliyalı çalışdırıcı Qazaxıstanla matçda eynəkdən yararlanmasının səbəbini də açıqlayıb: “Yarım səviyyə uzağı görmək üçün eynək taxmışdım. Eynək taxdım ki, bəlkə millimizə düşər və komandamı daha yaxşı görərəm. Sadəcə uduzmağımıza əsəbləşmişdim”.

writer photo
Əlirza Əlirzalı
0