Ceyhun Sultanov: "Hər qapıçı bu qədər zərbəni dəf etməyi bacarmır" - Açıqlama
16.08.2024 - 16:29
Ceyhun Sultanov: "Hər qapıçı bu qədər zərbəni dəf etməyi bacarmır" - Açıqlama

“Zirə” çox yaxşı futbol oynadı".

Bunu apasport.az-a açıqlamasında millinin sabiq üzvü, futbol mütəxəssisi Ceyhun Sultanov deyib. 

O, "Osiyek"lə cavab matçında Rəşad Sadıqovun doğru taktika seçdiyini vurğulayıb: "Düzdür, hücuma çıxanda rəqib imkan vermirdi, amma ümumilikdə Rəşad Sadıqov doğru plan qurmuşdu. Uşaqlar bunu dəqiqliklə yerinə yetirdilər. Mən demişdim ki, imkan düşdükcə istifadə etsəniz turu keçmək şansınız daha da çoxalacaq. “Zirə” maksimun dərəcədə bunu etdi və mərhələ adlayan tərəf oldu. Düşünürəm ki, “Zirə” bu il daha yaxşı, keyfiyyətli komandadır. İnanıram ki, pley-offda da yaxşı nəticə əldə edəcəklər".

C.Sultanov "Zirə"nin heyətində yerli futbolçuların penalti vura bilməməsinə də münasibət bildirib: "Bu məsələdə bir qədər peşəkar yanaşmaq lazımdır. Ola bilərdi ki, əcnəbi futbolçular da penalti şansını əldə verərdi. Bunun səbəbi yoxdur. Qismət bütün epizodlarda penaltiləri vururdu, amma o gün qaçırdı. Bu o demək deyil ki, yerlilər 11 metrəlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmirlər. Daha əvvəl dahi futbolçuların da penalti qaçırdığını görmüşük. Bu yerli-əcnəbi məsələsi deyil".

Millinin sabiq üzvü Tiaqo Silvanın penaltilər seriyasındakı çıxışını yüksək qiymətləndirib: "Penaltilər seriyasında düşünürdüm ki, daha çox penal vura bilməyəcəyik. Amma qapıçının bu qədər çox top çıxaracağını təxmin etmirdim. Tiaqo Silva həmin anda çox yaxşı oyun göstərdi. Hər qapıçı bu qədər zərbəni dəf etməyi bacarmır. Ona görə boşuna demirlər ki qapıçı komandanın yarısıdır".

Qeyd edək ki, UEFA Konfrans Liqasının III mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"lə səfərdə 1:1 bərabərliyə sevinmişdi. Cavab oyununda isə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda hesab dəyişməsə də, penaltilər seriyasında "Zirə" 2:1 hesablı qələbə qazanaraq pley-offa vəsiqə qazanıb. 

Nərmin VÜQARQIZI

writer photo
Əlirza Əlirzalı
0