“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi
- "Sabah" avrokuboklara vəsiqəni təmin etdi. Mövsümün əvvəlində "Sabah"dan belə nəticə gözləyirdin?
- Bu, görünən idi. “Sabah"da dəyişiklik oldu və potensialı var idi ki, yaxşı yerlər uğrunda mübarizə aparsınlar. "Sabah" layiqli olaraq ikinci pillədədir və mənim üçün gözlənilməz deyil, bu nəticəni gözləyirdim.
- Riyazi olaraq "Sabah"ın çempionluq şansı hələ də qalıb. Səncə, Murad Musayevin komandası çempionluq mübarizəsi aparacaq gücdədir, yoxsa mümkünsüzdür və ən yaxşısı üçüncü pilləyə düşməmək üçün yerlərini qorumalıdır?
- Doğrudur, riyazi olaraq şanslar qalıb. Amma çempionluq uğrunda mübarizə çox çətin olacaq. Çünki 9 xallıq fərq var. Özü də çempionluq mübarizəsində rəqib "Qarabağ"dır. Özləri üçün vacib olan ikinci yeri qorumaqdır.
- Azərbaycanı avrokuboklarda yeni komanda təmsil edəcək. Necə düşünürsüz, "Sabah" avrokuboklarda rəqiblər çətin olsa belə, mərhələ keçəcək potensiala sahibdir? Yoxsa, komanda avrokubok üçün çox güclənməlidir?
- Potensial rəqiblər nə qədər çətin olacaqsa da belə, “Sabah” mərhələni keçmək şansına malikdir. Amma klubun qarşısında böyük hədəflər varsa, mütləq yeni transferlər edilməlidir.
- Əsas mübarizələrdən biri də Premyer Liqada qalmaq uğrunda gedir. Necə düşünürsən, əsas namizəd hansı komandadır "Səbail" yoxsa "Şamaxı"?
- "Səbail" və "Şamaxı" mübarizə aparacaq. Hələ 8 tur var. Ona görə də, nəsə demək çətindir. Aralarında üç xallıq fərq var. Əsas mübarizə bu iki komanda arasında getsə belə, digər klubların da birinci diviziona düşmək təhlükəsi var. Bilmək olmaz, bəlkə "Səbail" və "Şamaxı" qələbələri sıraladı. Ona görə də nəsə demək çox çətindir.
- Demək olar ki, "Kəpəz" və "Sumqayıt" diviziondan canını qurtara bilib? Ümumiyyətlə, siz inanırsız ki, liqadan bir komanda düşəcək, yoxsa sonda anda yenə hər şey ola bilər?
- Xeyr, deməzdim ki, canlarını qurtarıblar. Xal fərqi az deyil. Sadəcə son turdakı qələbə həmin komandalara üstünlük verdi. AFFA-nın konfransında sonuncu yeri tutan komandanın liqanı tərk edəcəyi deyilibsə və sonda təkzib olunsa, düzgün alınmaz. İnanmıram ki, hansısa komandanı saxlasınlar. Bir komanda mütləq düşəcək. Əgər şəffaflıqdan, idman prinsiplərindən söhbət gedirsə, bunu etməlidirlər.
- "Zirə" və "Qəbələ" arasında dördüncülük mübarizəsi gedir. Hansı komanda bu pilləyə daha iddialı görünür?
- Bəli, bu iki komanda arasında mübarizə gedir. Hər ikisi layiqdir. Bu gün "Zirə" avrokuboklara çıxsa, heyəti gücləndirəcək maliyyəyə malik olduğu üçün onların dördüncü yeri tutması məqsədəuyğundur. Amma hər ikisi dördüncü pilləyə layiqdir.
- “Neftçi”nin mövsüm titulla yəni kubokla başa vurması Laurentsiu Regekampfı postunda saxlaya bilər? Ümumiyyətlə, "Neftçi"nin çempionatdakı çıxışını necə dəyərləndirirsən? Qış fasiləsindən sonra "Sabah"a uduzdular, ondan sonra uduzmayıblar. Səncə, ikinci pillə üçün oynaya biləcəklər?
- Laurentsiu Regekampfın klubla müqaviləsi var. Ölkə kubokunu götürməsə, inanmıram ki, klub onu postunda saxlasın. Yollarını ayıracaqlar. "Neftçi" çempionatda stabil oynamadı. Düzdür, məğlub olmurlar. Sadəcə, yaxşı oyun göstərə bilmədilər, oyun üslubu görünmür. Fərdi keyfiyyətlərin hesabına nəsə etməyə çalışdılar. Bu oyunla "Neftçi" elə lazım olan yerdədir. Çünki "Qarabağ" və "Sabah" da oyun baxımından "Neftçi"dən üstündür. "Neftçi" indiki durumda layiqli yerindədir.