Cüdo üzrə Azərbaycan millisi mayın 7-13-də Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə start verib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, aprelin 22-dən Göygöl Olimpiya İdman Kompleksində böyüklərdən və gənclərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışı keçirilir.
Böyüklərdən ibarət yığma komandanın 42, gənclərdən ibarət yığma komandanın isə 32 üzvünün iştirak etdiyi təlim-məşq toplanışı aprelin 29-na qədər davam edəcək. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Toplanışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Mövlud Mirəliyev, Mehman Əzizov və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayev, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.