Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 idmançısı rinqə çıxıb.
1/4 finalda macarıstanlı Laura Horvatı məğlub edən Aynur Mikayılova (52 kq) yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkib. Gənc boksçular arasında baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0 (30:26, 30:27, 30:24, 30:27, 30:27). O, yanvarın 22-də baş tutacaq finalda Draqana Yovanoviçlə üz-üzə gələcək.
Böyüklərin mübarizəsində Günel Rəhimova da mərhələ adlayıb. 48 kq çəkidə qüvvəsini sınayan boksçu 1/4 finalda əlcəzairli Fatiha Mansuri ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Rəhimova finala gedən yolda Nikola Durikova (Slovakiya) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Anaxanım İsmayılova (50 kq) yarımfinalda Petra Mezeiyə (Macarıstan) məğlub olaraq, 3-cü yeri tutub. Məhsəti Həmzəyeva (57 kq) isə 1/4 finalda Lakramioara Periyoça (Rumıniya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb.
Yarışın 3-cü günündə millimizin 2 üzvü döyüşə çıxacaq.
Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun ilk günündə gənc boksçular arasında mübarizə aparan Nərmin Əlizadə (50 kq) və Aysu İsmayılova (48 kq) bürünc medala sahib olub.