“Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır”.
Apasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi baş tutmuş mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis zədəliləri əvəzləyə bilən futbolçularının olduğunu söyləyib: “Onlar son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində yaxşı oyunçular cəmləşib. Bu cür oyunlardan əvvəl zədəlilərin olmasına hazır olmaq lazımdır. Bizim də B planımız var. Zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Ən əsası özünəinamdır. Son matçlarda yaxşı nəticələr göstərmişik. Bunu davam etdirmək istəyirik. Qalib də gələ bilərik və ya məğlub da ola bilərik”.
Qeyd edək ki, sabah Lintsdəki “Rayfayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.