De Byazi: “Olar, komandanı bildiyim kimi idarə edim?"
24.09.2022 - 20:20
De Byazi: “Olar, komandanı bildiyim kimi idarə edim?"

“Qazaxıstanla ilk oyunumuzda rəqibdən daha yaxşı oynamışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının Qazaxıstanla sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılıb. De Byazi C liqasının 3-cü qrupunun son turundakı matç barədə fikirlərini açıqlayıb: “Buna baxmayaraq, rəqib çox güclü komandadır. Əsas odur ki, düzgün yoldayıq”.

De Byazi Qara Qarayev və Rəhim Sadıxovun yığmadan kənar qalmasına da toxunub: “Komandamdakı bütün futbolçulardan razıyam. Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan”.

İtaliyalı mütəxəssis Slovakiya ilə səfər görüşündə penalti “qazanan” Aleksey İsayev haqda yüksək fikirdə olduğunu qeyd edib: “Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstər meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır”.

De Byazi Qara ilə bağlı problemin təfərrüatını açıqlamamağının səbəbinə də aydınlıq gətirib: "Özü soruşsa, deyərəm. Amma soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır. Mən iki dəfə dedim, anlamadınız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra kənarda bir saat danışa bilərik. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq".

Baş məşqçi Elvin Camalovun çıxışını da toxunub: "Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstər meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır. Ondan razıyam. Komandasının da lideridir".

De Byazi Slovakiya üzərində qələbəyə görə mükafat veriləcəyi barədə suala da cavab verib: "Bu barədə açıq danışa bilmərəm. Xəbəri kim yazıbsa, onunla danışın".

O, komandamızdakı gələcəyinə də toxunub: "Müqaviləm sentyabrın 30-da başa çatır. Oktyabrın 1-də bu suala cavab verəcəyəm".

Qeyd edək ki, saat 20:00-da başlayacaq Azərbaycan – Qazaxıstan matçı “Dalğa Arena”da baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0