"Çox yaxşı oyun oldu. 1:0 qalib gəldik. Qarşımızda daha bir oyunumuz var. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik".
Apasport.az saytının xəbərinə görə, bunu "Qarabağ"ın fransalı futbolçusu Adama Diakabi deyib.
Seneqal əsilli futbolçu "Qarabağ"ın Belçikanın "Xent" komandasını Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında 1:0 məğlub etdiyi oyundan sonra jurnalistlərə müsahibə verib.
– Oyuna girərkən sizə inananlar vardı. Bu inamı öz üzərinizdə hiss etdinizmi?
– Əlbəttə ki, hiss etdim. Azarkeşlər qarşısında oynamağı sevirəm. Onların məni alqışlaması mənə motivasiya oldu.
– Bu cür ab-hava, dəstək gözləyirdinizmi?
– "Qarabağ" azarkeşləri çox yaxşıdır. Komanda yoldaşlarım bu barədə mənə demişdilər. Bilirdim ki, avrokubok matçlarında dəstəkləri çox yaxşı olur.
– Cavab oyununda özünüzü əsas heyətdə görürsünüzmü?
– Bilmirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq. Hamı mənə kömək edir ki, formamı bərpa edim. Mən də tədricən əvvəlki formama qayıtmağa çalışıram.