Klubların dünya sıralaması müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın yenə iki klubu yer alır.
302 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Komandalar reytinqdə müxtəlif trayektoriya üzrə hərəkət edib. Ötən ay dünyanın ilk “100-lüy”ünə düşən “Qarabağ” daha 10 pilləlik sıçrayışa nail olub. Aktivində 141,5 xal olan Ağdam təmsilçisi 89-cu pilləyə yüksəlib.
“Neftçi” isə 14 pillə geriləyərək, 235-ciliyə düşüb. “Ağ-qaralar”ın aktivində 81 xal var. Bakılılar “Zanako” (Zambiya) və “Atlas”la (Meksika) eyni xala malikdir.
Reytinqin ilk “üçlüy”ündə ciddi dəyişiklik olub. Ötən ayın birincisi “Çelsi” bu dəfə 4-cü yerə düşüb. Liderliyə “Palmeyras” yüksəlib. Braziliya klubunun aktivində 310 xal var. İngiltərə təmsilçisi “Liverpul” ikinci (291 xal), Braziliyanın digər komandası “Flamenqo” isə üçüncü (287) yerə yüksəlib.