Bu gün “Şamaxı” klubunun təqdimat mərasimi təşkil olunub.
Apasport.az saytının məlumatına görə, təqdimatdan sonra klubun İdarə Heyətinin sədri Elçin Usub və baş məşqçi Vüqar Əsgərlinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Konfrans zamanı Elçin Usub media nümayəndələrinin suallarını cavablandırıb.
- Yeni loqonun paradoks şirkəti tərəfindən hazırlandığı deyilir. Bu loqonun hazırlanması üçün müsabiqə elan olunmuşdu?
- Vaxtın azlığı baxımından bu sifarişi verdik. Paradoks şirkəti ilə əməkdaşlığa başlamazdan əvvəl onların idman sahəsindəki təcrübəsi də araşdırıldı və onlarla əməkdaşlığa qərar verildi.
- Klubun ümumi strategiyası nədir? 5-10 ildən sonrası ilə bağlı hansı planlar var?
- Hər hansı oturuşmuş proqram ortaya qoymaq üçün bəlli müzakirələr aparılmalıdır. Bu məsələlər müəyyən müzakirələr tələb edir. Əsas hədəfi ortaya qoymaq deyil, onu hansı resurslar hesabına əldə etməkdir. Hazırda dövlət səviyyəsində klublara maddi yardım məsələsi müzakirə olunur. Hədəflər maddi məsələlərlə bağlı da ola bilər. Realist olmaq lazımdır, "Şamaxı" yenidən qurulan komandadır. İlk mövsümdə ən azı Premyer Liqada mövqeyimizi möhkəmlətsək, bu, bizim üçün uğur sayılacaq.
- Komandaya əcnəbi futbolçu cəlb olunacaq?
- Təqdimatdan da göründüyü kimi, ilk mövsümdə komandaya əcnəbi cəlb etmək fikrimiz yoxdur. Amma futbolda çox tez-tez müxtəlif situativ ani qərarlar qəbul oluna bilər. Məşqçilərimizə və heyətimizə inanırıq. Amma bir neçə turdan sonra görsək ki, bu eksperiment uğurlu deyil, müəyyən məsələlərin üzərində düşünməyə başlayacağıq. Böyük ehtimalla ən azı qış fasiləsinə qədər hansısa əcnəbinin cəlb olunması planlaşdırılmır.
- Akademiyanın qurulması planda varmı?
- Bəli, belə bir planımız var. "Keşlə" klubunun bazasında yetişdirdiyimiz, Bakıda məskunlaşan gənclər var. Həmin azyaşlı qrupların valideynlərinə səslənmək istəyirəm. Bəlli narazılıqlar olur. Amma valideynlər də bilsinlər ki, uşaq futbolunun inkişafı "Şamaxı" üçün olduqca vacibdir. Bunu zamanla onlar da görəcəklər. Uşaq futbolunun inkişafı bizim konsepsiyanın ayrılmaz hissəsidir.
- Əvəzedici heyətlə bağlı suallara aydınlıq gəlibmi?
- Birinci divizionda çıxış etmək imkanımız var. Artıq Zaur İsmayılovla anlaşma əldə edilib. Onun rəhbərliyi altında əvəzedici heyət toplanışa başlayıb. İnzibati məsələlərin həlli üçün də müəyyən vaxtımız var. Komandanın ev oyunlarını Şamaxıda keçirməsi məsələsi də gündəmdədir".
- Yeni loqoda 1997-ci il qeyd olunub. Siz "Xəzər Universiteti"nin yaranma tarixini götürmüsünüz?
- Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il "Xəzər Universiteti"nin yaranması ilə bağlıdır. Biz kökümüzü "Xəzər Universiteti"nin yaranmasından götürürük.
- Klubun rəsmi sponsoru yoxdur. Klub bundan sonra icra hakimiyyətindən, yoxsa AFFA-dan asılı olacaq?
- Əgər hədəfimiz regional idmanın inkişafıdırsa, yerli ictimaiyyətin dəstəyinə arxalanırıq. Bu sahədə artıq çox yaxşı anlaşmalar var. Bugünkü tədbir həm də sponorların cəlb edilməsi baxımından ilk addımımızdır. Biz ilk növbədə sponsora dəyəri, klubun perspektivlərini göstərmək istəyirik. Nə qədər yaxşı danışsaq da, komanda ortaya bir şey qoymasa sponsor cəlb etmək də çətin olar. Dövlətlə bağlı münasibətlər də heç kimə sirr deyil. Dövlətimiz bu sahədə digər klublar kimi, bizə də yardım göstərilir. Klub olaraq ayağa qalxana qədər bu yardımdan yararlanacağımıza ümid edirik. Komandanın burada məskunlaşması normal bazar qiymətlərindən qat-qat aşağı başa gəlir ki, bu da kuba bir dəstəkdir. Milli komandanın, aşağı yaş qrupları yığmalarının zaman-zaman istifadəsi üçün AFFA ilə də bəlli danışıqlar gedir.
- "Şamaxı" ətrafındakı neqativliklər "Keşlə" adını daşıyandan var. Yeni rəhbərlik ortaya yeni yanaşma qoymaq istəyir. "Şamaxı" adı ətrafındakı neqativlikləri təmizləmək çətin olmayacaq?
- Çətin olsaydı, bu işə girişməzdik. Köhnə rəhbərliklə bağlı şərh vermək düzgün olmaz. Zaur Axundov bundan sonra əvvəlki gücü ilə fikrini Azərbaycan Futzal Federasiyasına yönəldəcək. O, şəxsi vəsaitlərini idmana yönəldən insanlardandır. Nəsə alınıb, nəsə alınmayıbsa belə, keçmişə yox, gələcəyə fokuslanmalıyıq. Yeni yola çıxmışıq. Keçmişdən qalan bəlli problemləri də həll edib, daha uğurlu gələcəyə çıxmağa çalışacağıq.
- Əsas komanda və İdarə Heyəti harada məskunlaşacaq?
- Əsas komandanın birmənalı şəkildə Şamaxıda məskunlaşması planlaşdırılır. Rayon ictimaiyyəti ilə bu barədə müzakirələr oldu. Komandanın məskunlaşması üçün "Şirvan" otelini seçmişik. A komandası üzdə olandır. Aşağı yaş qrupları da Vəli Qasımovun rəhbərliyi altında buradadadır. Amma klubun təməli hələ Bakıdadır. Uzunmüddətli baxımdan komandanın 4-5 meydança tikilməlidir. Bu da bir neçə günün işi deyil. Bakıda məskunlaşan komandalarımıza da diqqət ayıracağıq. Əksər nümayəndə heyətimiz buradadır. İdarə Heyəti olaraq dəyişən rejimdə - həm Bakıda, həm də Şamaxıda olacağıq.
- Siz özünüz də peşəkar futbola həvəskar futzaldan gəlmisiniz. Bu keçid zamanı çətinliyi gördüz, hansında işləmək asandır?
- Mənim üçün futbolda 3 səviyyə var. 2003-2011-ci illərdə AFFA-da çalışmışam. Sonra şəxsi işlərimlə bağlı bir müddət futboldan ayrı düşdüm. Amma 2017-ci ildən yenidən futbol sahəsində çalışıram. Futzada da bəlli təcrübəmiz var. Peşəkar futbol tam başqadır. Mənim üçün də bu, yeni çağırışdır. Əsas odur ki, səbirli olaq, içimizdəki futbol sevgisini ortaya qoya bilək. Futzalla bağlı nailiyyətimizlə tanışsınızsa, futbolla bağlı sevgimizə də heç kimdə şübhə olmasın.