Elmar Baxşıyev: “Sıxıntımız var”
08.07.2022 - 11:53
Elmar Baxşıyev: “Sıxıntımız var”

“Komandamıza yeni qoşulan oyunçunun uyğunlaşma ilə bağlı problemi olmayacaq. Çünki kollektivimiz onu yaxşı qarşıladı. Komandaya tam gücü ilə kömək etməsi üçün hamı ona öz dəstəyini verəcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev yeni transfer edilən Feras Abu-Akal barədə danışarkən deyib.

Türkiyədəki təlim-məşq toplanışı prosesində “CBC Sport” telekanalına açıqlama verən çalışdırıcı komandasının hazırkı durumunu dəyərləndirib: “İlk yoxlama görüşü göstərdi ki, komanda təzyiq altında oynamağa çalışır. İnanıram ki, həm Feras əsas heyətə cəlb olunduqdan, həm də Omar Hani kollektivə qoşulduqdan sonra oyun planında daha yaxşı olacağıq”.

Baxşıyev hücumçu axtarışında olduqlarını da gizlətməyib: “Hücumameyilli futbolçu ilə güclənsək, daha yaxşı olar. Çünki hücum xəttində sıxıntımız var. Bir neçə oyunçuya baxırıq. Bəzən onların tələbləri bizi qane eləmir, bəzən də bəyənməyimizə baxmayaraq, şərtlərimizlə razılaşmırlar. Bu normal haldır”.

Qeyd edək ki, Türkiyədəki ilk yoxlama görüşündə “Qaziantep”ə 1:2 hesabı ilə məğlub olan “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. “Qırmızı-qaralar” ayın 19-dək qardaş ölkədə hazırlığını davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0