Elşad Quliyev: "Ağır qrupa düşmüşük, işimiz asan deyil"
27.05.2024 - 16:22
Elşad Quliyev: "Ağır qrupa düşmüşük, işimiz asan deyil"

Bu gün Azərbaycan minifutbol millisinin açıq məşqi keçirilib. 

Apasport.az xəbər verir ki, Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev yığmanın açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Hazırlığınız necə gedir?

- Hazırlıqlara iki aydır başlamışıq. Azərbaycan çempionatının finalı olduğuna görə məşqləri fasilələrlə keçirdik. Hər şey qaydasındadır, komanda yaxşı vəziyyətdədir. Sabah axırıncı məşqimizdir. Heç bir problemimiz yoxdur. Bizi çətin oyunlar gözləyir. Düşünürəm ki, keçdiyimiz hazırlığın bəhrəsini görəcəyik.

- Qrupda rəqibiniz dəyişdi. Avstriyanın yerinə Belçika gəldi. Bu, hazırlığınıza necə təsir edəcək?

- Ağır qrupa düşmüşük, işimiz asan deyil. Biz dünya reytinqində 2-ci yerdəyik. Ən güclü komandalardan biri də bizik, iddialıyıq. Qrupu zədəsiz keçmək istəyirik. Qrupun vəziyyəti çox şeyə aydınlıq gətirəcək. Rəqiblərdən Fransa və İtaliyanı təhlil etmişik. Yaxşı komandalardı. Amma zəif tərəfləri də var. Bunların üzərində işləyirik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək.

- Rəqiblərlə müqayisədə millimizin üstün tərəfi hansılardır?

- Biz daha sürətli və texnikalı komandayıq. Bu üstünlüklərimizdən daha yaxşı istifadə etməliyik.

- Qrup oyunlarında rəqiblərdən nələrisə gizlətmək mümkündür?

- Gizlətmək deməzdim. Çalışmaq lazımdır ki, daha az güc itirək. Bunu bacara bilsək daha uzağa gedə bilərik.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?

- Hədəf ancaq finaldır. Çünki biz artıq Avropa çempionuyuq. Düşünürəm ki, finala çıxa bilərik.

- Avropa çempionu olmuş komanda ilə hazırkı komanda arasında necə müqayisə aparardız?

- 2022-ci ildə Avropa çempionu olmuşuq. Həmin heyəti müqayisə etmək istəməzdim. Bu heyətimiz də çox güclüdür. Komandaya yeni oyunçular cəlb etmişik. Böyük üstünlüyümüz odur ki, Azərbaycan çempionatı yüksək səviyyədə keçdi. Monteneqroda yaxşı turnirdə iştirak edib çempion olduq. Məncə, 2022-ci illə müqayisədə daha da güclənmişik. Futbolçularımız neçə ildir ki, yarışlarda iştirak edirlər. Ona görə de özlərini meydançada daha rahat hiss edirlər.

writer photo
Əlirza Əlirzalı
0