Elvin Məmmədov: “Davam etmək istəyirəm, özümdə güc hiss edirəm” - MÜSAHİBƏ
15.06.2023 - 15:55
Elvin Məmmədov: “Davam etmək istəyirəm, özümdə güc hiss edirəm” - MÜSAHİBƏ

“Şamaxı”nın futbolçusu Elvin Məmmədovun apasport.az saytına müsahibəsi 

- Mövsümün yekununa görə "Şamaxı" Premyer Liqanı tərk etdi. Səncə, yerinizi niyə qoruya bilmədiz?
- İkinci dövrədə yaxşı xal və xallar yığdıq. Sadəcə, güclənə bilmədik. İkinci dövrədən sonra məşqçilərin istədiyi yerli futbolçular, yəni klublarında oynamayanlar gəlsəydilər, daha güclənərdik. 

- Hələ də düşünürsüz və ümid edirsiz ki, AFFA son anda komanda sayını artıracaq və komandanız yüksək liqada qalacaq?
- Qərardan çox şey asılıdır. Əgər "Şamaxı" yüksək liqada qalarsa, say 12 olarsa, fikrimcə, Azərbaycan futbolu yeni-yeni futbolçular qazanacaq. Gözləyək, görək necə olacaq.

- Bir müddət əvvəl müsahibəndə demişdin ki, "birinci divizionda oynamaram". Fikrini dəyişmisən, yoxsa bu fikrində qətisən?
- Bəli, belə açıqlama vermişdim. Dediyim fikrimdə də, qalıram. 

- Bu mövsümü əslində, pis keçirmədin, yaxşı performans nümayiş etdirdin. Premyer Liqada mübarizə aparan digər komandalardan təklif almısan? 
- Bunu mütəxəssislər deyə bilər. Mən cavan və ən yaxşı vaxtlarımda belə, deməmişəm ki, yaxşıyam. Amma məncə, pis alınmadı. Əlimdən gəldiyi qədər komandama kömək etməyə çalışdım. Bugünkü gündə real təklifim yoxdur. Karyerama davam etmək istəyirəm. Necə olacağını zaman göstərəcək.

- Karyeranı elə yetirməsi olduğun "Turan Tovuz"da başa vurmaq haqda düşünürsən? 
- Mənim üçün ən doğma komanda "Turan Tovuz"dur. Futbolun sirlərini o komandada öyrənmişəm. Gücümün olduğunu bilirəm. "Turan Tovuz"dan təklif olarsa, danışmaq olar. 

- Əgər təklif olmasa, karyeranı başa vurmaq haqda düşünəcəksən?
- İndidən bu haqda nəsə deyə bilmərəm. Çünki qərar verməmişəm. Zaman keçsin, sonda düşünüb qərarımı verəcəm. Amma özüm karyerama davam etmək istəyirəm. Çünki özümdə oynamaq üçün güc hiss edirəm.

writer photo
Əlirza Əlirzalı
0