"Qarabağ","Zirə" və "Sumqayıt" klublarında oynamış Elvin Məmmədov apasport.az saytına müsahibə verib. Veteran futbolçu sabiq komandalarının avrokuboklardakı şanslarını dəyərləndirib.
- "Qarabağ" Çempionlar Liqasında iştirak edəcək, özü də 2-ci mərhələdən başlayacaq. Bu komanda üçün yaxşıdır, yoxsa "Qarabağ" oynadıqca öz oyununu tutur deyə, elə birinci mərhələdən başlamaqları yaxşı idi?
- Öncəliklə, hər bir komandamıza Avropa yarışlarında uğurlar arzulayıram. "Qarabağ" ikinci mərhələni də keçəcək. Buna çox əminəm. Bunun üçün onun həm təcrübəsi, həm də heyəti imkan verir. Məncə, "Qarabağ" üçün fərqi yoxdur. İnanıram ki, bu komandanın yolu çox uzun olacaq. Onlar gücünü neçə illərdir ki, göstərir.
- "Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibləri "Hamrun Spartans" və ya "Linkoln"dan biridir. Hansı ki, ötən mövsüm "Linkoln"u məğlub etmişdi. Malta çempionlarından "Valetta"nı da illər əvvəl məğlub edib. Demək olar ki, "Qarabağ" üçün ciddi rəqiblər olmayacaq heç biri və hansı gəlsə də, udacaq?
- Dediyim kimi, "Qarabağ"a çox inanıram. Bəli, doğru qeyd etmisiz, "Qarabağ" üçün heç biri ciddi rəqib deyil. Məncə, "Qarabağ" hansı rəqiblə düşsə, onları keçə biləcək. Amma əlbəttə ki, bilirəm "Qarabağ" hər bir rəqibə ciddi yanaşacaq və mərhələləri keçməyə çalışacaq.
- "Qarabağ"ın ötən mövsüm Avropa Liqasındakı göstərdiyi performansdan sonra, onların bu sezon Çempionlar Liqasında qruplara qalacağını gözləyənlər az deyil. Səncə, "Qarabağ" bunu reallaşdıra biləcək? Yoxsa, heyət hələ çox güclənməlidir?
- Bilirsiz, bunu məşqçilər korpusu, rəhbərlik daha yaxşı bilər. "Qarabağ"ın heyəti güclüdür. Amma təbii ki, komandanın heyətinin geniş olması həmişə yaxşıdır. Transfer məsələlərini isə özləri daha yaxşı bilir.
- "Qarabağ"ın Musa Qurbanlını qaytarmasına münasibətin necədir? Səncə, özünü doğrulda biləcək? Hətta, Kadi Borqes və Mahir Emrelinin geri qaytarılması da gündəmdədir. Bu barədə fikrin necədir?
- Musa Qurbanlı "Qarabağ"ın gücünə güc qatacaq futbolçudur. Ona həm avrokuboklarda, həm də ölkə çempionatında uğurlar arzulayıram. Musa özü də çox yaxşı futbolçudur. Mahir Emreli və Kadi Borqesə gəldikdə, Qurban Qurbanov hər ikisini yaxşı tanıyır. Təbii ki, Mahir və Kadi gəlsə, "Qarabağ" üçün daha yaxşı olacaq.
- Sabiq komandalarından "Zirə" isə "Şerif"lə üz-üzə gələcək. Moldovanın tanınmış klubu ilə görüşdə "Zirə"nin mərhələ adlamaq şansı nə qədərdir?
- Məncə, "Zirə" üçün çətin rəqib düşdü. İstənilən halda, "Zirə"nin "Şerif" səddini keçəcəyinə inanıram. Çünki "Zirə" də çox yaxşı komandadır. Təmsilçimizə mane olan tərəf ancaq avrokubok təcrübəsinin olmamasıdır. Lakin inanıram və ümid edirəm ki, hər şey yaxşı alınacaq.
- "Sumqayıt"ın "Fehervar"la görüşdə necə, mərhələ keçmək şansı nə qədərdir? Samir Abasovun rəhbərlik etdiyi kollektiv Macarıstan təmsilçisini üstələyə bilər?
- "Sumqayıt" da başa çatan mövsümü yaxşı keçirdi. Bəli, onların da "Fehervar"la görüşlərdə şansı var. Onlara da uğurlar arzu edirəm. Birinci oyundan çox şey asılıdır. Yenə də təkrar edirəm, təcrübə belə oyunlarda öz sözünü deyir. Hər halda, avrokuboklarda bütün komandalarımıza uğurlar arzu edirəm. İnanıram ki, klublarımız üçün yaxşı alınacaq.
- Ümumilikdə necə, 2024/2025 sezonunda "Qarabağ"dan başqa hansı klubumuzun qruplara vəsiqə qazanacağına inanırsan?
- Məncə, çətin olacaq. Amma futboldur da, hər şey mümkündür. Ümid edirəm ki, 2024/2025 mövsümündə avrokuboklarda qruplara vəsiqə qazanan Azərbaycan klublarının sayı çox olacaq.