“Çempion olmaq istəyiriksə, bütün görüşlərə ciddi yanaşmaq lazımdır. Qazanılan hər qələbə çempionluq üçün bir addımdır”.
Bu sözləri “Qəbələ”nin müdafiəçisi Elvin Yunuszadə apasport.az saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu “Mingəçevir”lə matçı dəyərləndirib: “Asan olmayacağını bilirdik. Görüşə buna uyğun hazırlaşmışdıq. “Mingəçevir” 90 dəqiqə hərəkətdə olan komandadır. Bu gün də sona qədər mübarizə apardılar. Burda asan oyun yoxdur. Heç bir rəqibi rahatlıqla məğlub etmək mümkün deyil. Vacib olan qələbədir ki, onu da əldə etdik. Komanda yoldaşlarımı təbrik edirəm. Sözsüz ki, səhvlərimiz oldu. Lakin bunları düzəltməyə çalışacağıq. Oyunumuzu daha da yaxşılaşdıracağıq. Hələ ki, liqada qol buraxmamışıq. Çalışırıq ki, bunu davam etdirək. Baş məşqçimizin də tapşırığı belədir. Əsas müdafiədə top buraxmayaq, hücumda fərqlənə bilməsək də, 1 xal qazanmış olarıq. Mən müdafiəçiyəm və işim komandanın qol buraxmasına mane olmaqdır. Bunu bacardığım üçün xoşbəxtəm”.
Qeyd edək ki, görüş “Qəbələ”nin qələbəsi ilə nəticələnib – 2:0.
İsmayıl Xeyrullayev