“Neftçi”nin sabiq paraqvaylı futbolçusu Erik Ramosun apasport.az saytına müsahibəsi
- "Neftçi" hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Bununla bağlı fikirlərin necədir?
- Bəli, təəssüf ki, komanda üçüncü pillədədir və birinci pillədən çox uzaqdır. Halbuki komandanın yaxşı heyəti var. Mən “Neftçi”nin çempionluq uğrunda mübarizə aparacağını düşünürdüm. Amma “Neftçi” birbaşa rəqibləri olan komandalarla matçlarda vacib xalları qaçırdı. Ona görə də hazırda vəziyyət belədir.
- Bu mövsüm "Neftçi"nin çempionluq şansı çox azdır. Doğrudur, 1 mövsüm öncə “ağ-qaralar” qızıl medal qazanmışdı, amma yenidən "Qarabağ" hegemonluğu ələ aldı. Səncə, "Neftçi" buna necə son qoya bilər?
- Hazırda “Qarabağ”la rəqabət aparmaq olduqca çətindir. Çünki bu komanda uzun illərdir titullar qazanır, avrokubokların qruplarında mübarizə aparır. Struktur olaraq “Qarabağ” hazırda çox güclüdür. Onlarla mübarizə aparmaq asan məsələ deyil.
- Sənin oynadığın "Neftçi" ilə indiki arasında hansı fərqləri görürsən?
- Əsas fərqlərdən biri odur ki, biz o vaxtı daha stabil komanda idik. Daim oynayan 11-14 futbolçumuz var idi və heyəti də qoruyurdular.
- "Neftçi" uzun illərdir ki, Azərbaycan kubokunu da qazana bilmir. Sonuncu dəfə kuboku qazananda sən də komandada oynayırdın. Həmin final matçını necə xatırlayırsan?
- Final görüşü “Qəbələ”yə qarşı idi. 120 dəqiqədə qalib olmadı, ona görə də penaltilərə ehtiyac duyuldu. Həmin vaxtı qapıçımız əla və önəmli rol oynamışdı. Ümidvaram ki, “Neftçi” bu mövsüm də kuboku əldə edər.
- "Neftçi" Premyer Liqada çempionluq şansını itirsə də, ölkə kubokunu qazana bilər. Səncə, bu titulu əldə edə biləcəklər?
- Əgər çempion ola bilmirsənsə, birincilik mübarizəsində yoxsansa, heç olmasa ölkə kubokunu qazanmalısan. “Neftçi”nin də belə şansı var. Kubok da onlara mövsümü uğurlu başa vurmaq üçün yaxşı tituldur.
- Hazırda "Neftçi"də paraqvaylı, həmyerlin Sezar Meza Kolli çıxış edir. Onun haqda hansı fikirdəsən?
- Sezar ciddi zədədən sonra bərpa olundu və artıq oynamağa başlayıb, qollarını da vurur. “Neftçi”də paraqvaylı futbolçunun oynamasına görə sevinirəm.
- Maraqlıdır ki, sabiq komandaların "Sabah" və "Neftçi" turnir cədvəlində qonşu pillələrdədir. Müvafiq olaraq, ikinci və üçüncü yerdədirlər. “Sabah” haqda fikrin necədir?
- Maraqlıdır ki, “Sabah” kimi komanda Azərbaycan çempionatında üst pillələrdədir. Bu da Premyer Liqanın səviyyəsini yüksəldir. “Sabah”ın yüksək pillədə olmasına təəccüblənmirəm. Çünki orada işləri yaxşı qurublar, layihəni yaxşı işləyirlər. “Neftçi” isə üçüncü pillədədir. Bəlkə də kuboku qazandı. Hər halda, bu da sevindirici olardı. “Sabah”ın ikinci pillədə olması, “Neftçi”nin isə kubok qazanmaq şansına sahib olması məni sevindirir.